Rəhbərin gücü kreslodan yox, kollektivin hörmətindən gəlir

Rəhbərliyin mahiyyəti yalnız verilmiş tapşırıqları bölüşdürmək və icranı tələb etməklə məhdudlaşmır.

Əsl rəhbər idarə etdiyi kollektivin hər addımına, hər uğuruna, hətta hər nöqsanına görə məsuliyyət daşıyan şəxsdir. Lakin təəssüf ki, bəzi hallarda rəhbərlik anlayışı formal bir kürsü kimi qəbul olunur: məsuliyyət isə öz üzərindən atılaraq sıravi əməkdaşların çiyinlərinə yüklənir. Bu isə ən yumşaq ifadə ilə desək, idarəetmə bacarığının olmaması və peşəkar məsuliyyətsizlikdir.

İş mühitində baş verən hər nöqsan, əslində, idarəetmənin hansı səviyyədə olduğunu göstərən güzgüdür.

Rəhbər işin sonunda günahkar axtarmağa başlasa, bu, onun həmin iş prosesinə lazımınca nəzarət etmədiyini sübut edir. Əgər bir qərar qəbul olunub, onun icrası zamanı problem yaranırsa deməli, nəzarət zəifdir, əlaqə qırıqdır və proses rəhbər tərəfindən lazımi şəkildə koordinasiya olunmayıb. Həqiqi lider isə nöqsanı başqalarının deyil, özünün gördüyü işin boşluğunda axtarır.

Rəhbər iş yerində olmadıqda kollektivin məsuliyyəti zəifləyirsə, insanlar tapşırıqları yola verirsə, bu artıq fəlakətin başlanğıcıdır. Çünki deməli, kollektiv işi rəhbərin varlığından asılı şəkildə, formal yanaşma ilə icra edir. Bu, həm idarəetmənin, həm də təşkilati mədəniyyətin olmadığını göstərir.

Qoltuğunda oturan rəhbər heç vaxt güclü kollektiv formalaşdıra bilməz. Çünki kollektiv rəhbərin sözündəki qətiyyətə, davranışdakı nümunəyə, qərarlardakı ədalətə və idarəçilikdəki peşəkarlığa baxır.

Rəhbərin səsi kollektiv üçün qanun kimidir, amma bu səs yalnız qorxu ilə yox, nüfuzla qəbul olunmalıdır. Xarizma insanları arxasınca aparan enerji, ədalət kollektivin ona olan inamının təməli, işgüzarlıq isə idarəçiliyin mühərrikidir. Bu üçlüyə sahib olan rəhbərin olduğu yerdə nə məsuliyyətsizlik olar, nə də tapşırıqlar yola verilər. Çünki belə rəhbər hər kəsə nümunə olur, hər kəs onun ritminə uyğun işləməyə çalışır.

Bir rəhbərin gücü kabinetindəki kreslodan yox, kollektivinin ona olan hörmətindən gəlir. Hörmət isə sərtliklə yox, ədalətlə, səs qaldırmaqla yox, səsə qulaq asmaqla, məsuliyyəti başqasına atmaqla yox, onu sinəsində daşımaqla qazanılır.

Peşəkar rəhbər biləndir ki, kollektivi qabağa aparmaq üçün ilk növbədə özü önə çıxmalı, özü məsuliyyət daşımalı və özü nümunə olmalıdır.

Belə rəhbər isə tənqid olunmaz, çünki ədalətlidir. Qorxulmaz, çünki mərddir. Sorğu-sual olunmaz, çünki cavabı hər kəsdən öncə özü verir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights