Mənim fikrimdə tutduğum quzular sizin ovladlardı, qurdlar isə onların süni qida yeməsi hesabına milyonlar qazananlar…
Mübarizə davam edir! Bu yolda mənə və uşaqlara dəstək olan jurnalistlərə, həkim yoldaşlara, QHT rəhbərlərinə, səsimizə səs verən analara, atalara minnətdaram. Belə davam etsək, hesab edirəm ki, işin kökünə çata biləcəyik.
Əvvəllər bir adam dünyasını dəyişəndə 40 gün yas edirdilər, indi 3, 7-ni də birləsdiriblər, çünki uzun-uzadi ağlamağın mənası yoxdur… gedən dönməyəcək… Bu məsələdə isə üç gün kifayət etməz, bir post, bir məqalə işi həll etməz. Yoxsa vəfat edən insanlar kimi yalnız qəlblərdə bir neçə xatirə qalar, vəssalam.
Hər gün mübarizə lazımdır. Amma hər gün neçə-neçə uşaq dünyaya gəlir. Baxın, indi, bu dəqiqə… bu cümlələri yazdığım andaca neçə-necə ananın döşündə süd olduğu halda uşaq şöbəsində uşağının mədəsinə süni qida ötürülür, neçə ata yeməyi almaq üçün aptek-aptek gəzir, növbəti ay üçün firmalarda həmin doğum evinin süni qida ilə bağlı ödəmə hesabatı aparılır. Və bu hal hər gün təkrarlanır… hər gün…
Məsələni qaldırdığım gündən müxtəluf mövzuda suallar alıram. Bu günkü yazımda onlara aydınlıq gətirmək istəyirəm. İlk növbədə, əziz hamilə xanımlar, bilin ki, mənim sosial hesablarım: Instagram – @usaginizin_hekimi, iş nömrəm – 070-390-70-40, mail adresim – dr.ismayilzade.ayten@gmail.com, fb sehifem – Uşağınızın həkimi, inboxları sizin muraciətlər üçün açıqdır.
Ana olmağa bir neçə namizəd yazır: “Doktor, 1-2 həftəyə filan özəl klinikada uşağım dünyaya gələcək, mən necə edim, ovladimi süni qidadan necə qoruyum?”
Cavabim: “Siz həmin filan klinikada doğuş etməzdən öncə neanotologiya şöbə müdiri yaxud sizə seçilmiş neanotoloqunuzla (əgər öncədən məlumdursa) bir yazılı razılıq imzalayın və orada bunları qeyd edin: “Mən övladımın ilk saatda, ilk gündə süni qida ilə bəslənməsinin tam əleyhinəyəm. Belə hal olarsa, sizdən şikayətçi olacam”. Bu belə… bu arada bir məsələ də var ki, doğuşdan sonra ginekoloqunuz yaxınlaşa və deyə bilər: “Masya, heç kimə demə, kolleqayıq burda, ayıb olar, bir-iki gün süni qida verməklə heç nə olmaz” və s… Bu cür sözlərə getməyin. Ayıb o insanlara olsun ki, ananın döşündə süd olduğu halda uşağa süni qida verirlər.
“Dedilər, sarılığı var uşağın, ana südü olmaz.”
Bu söhbət lap yaxınlarda məşhur bir özəl klinikada olub. Çox məşhur, illərin klinikası. Fizioloji sarılıq zamanı elə tez-tez döşə qoyulmalıdır!!! “Nə bilim, həkim elə dedi, biz də smes aldıq” deməyin. Haqqınızı, uşağın haqqını yedirtməyin.
“Sən keysəriyyə olmusan, süd verə bilməzsən; sən reanimasiyada yatırsan, uşağı gətirə bilmərik.”
Bu cür əsassız ifadələrin hesabını verməlidirlər. Bu ifadələrlə anaları süd verməkdən uzaq tutan hər bir neanotoloq dediyinin hesabını verməli olacaq.
Uşaq bətnden çıxdımı, süd də çıxmağa hazır olur. “Südüm yoxdur” deməyin, “südün yoxdur” deməsinlər. Bir damcı belə ilk süd yetərlidir. Uşağın mədəsi ilk gün fındıq boydadır. Onu doldurmağa çətinlik çəkirsiz? Palata yoldaşınızdan xahiş edin öncədən. Siz süd verə bilmədiyiniz halda o körpəni süni qidadan xilas etsin.
Yazırlar ki, başqasının südündə nə bilim nə var. Nə ola bilər ki? Kiminsə infeksiya daşıyıcı olmağından söhbət gedirsə, süd ilə mikrob ya virus keçmir. Lap deyək ki, şübhə sizi birtəhər edəcək, o zaman məlumunuz olsun ki, doğum şöbəsinə girən hər kəs paket müayinələrdən keçir, orda isə infeksiyalar ilk yerdədir. Bunu bilmək elə də çətin deyil.
Yaxınlaşırsız şöbədəki baş tibb bacısına və kimin infeksiyası yoxdur, amma südü varsa, bunu araşdırırsız, hər şey xəstəlik tarixcəsində qeyd olunur.
Qan bankı, orqan bankı, sperma bankı olduğu halda insan südü bankı niye olmasın? Heç olmasa ilk doğum üçün hər doğum evini tərk edən ana ondan sonra doğum edəcək ana üçün hədiyyə kimi bir konteyner süd qoya bilər. Bu isə doğum evində süni qida bazarına od vurmuş olacaq.
Bəziləri dindən çıxış edərək, deyir ki, süd versən, uşaqlar bacı-qardaş olur. Belə bir mənbəni açıb göstərin, mən də görüm. Süd ilə bacı-qardaş olmaq əfsanəsini bir tərəfə qoyaq. Ümid edirəm ki, Səhiyyə Nazirliyi də işə baxanda dini hədislər tərəfdən deyil, uşaqlarımızın sağlamlığı tərəfdən baxacaq.
Bas pediatrimiz Nəsib doktorla görüş planlayiram. Amma onun dəyərli vaxtını buna almağa dəyərmi deyə də düşünürəm. Çünki o bu problemi onsuz da bilir. İllərdir verdiyi müsahibələrdə də bildirir. Səhiyyə Nazirliyi komissiyalar təşkil edir, muvəqqəti olaraq süni qida bankalarını skaflarda gizlədirlər, arada 3-5 uşağın bəxti gətirir ki, bu monitorinq vaxtına düşür və doğulan kimi anasını əmir. Sonra isə yenə köhnə hamam, köhnə tas…
Təklif edirəm ki, hər şöbədə bir nümayəndə olsun və bu halları qeydə alsın. Əlbəttə, bu adamlar da orda qaldıqca yerli kollektivlə dil tapıb doğmalasmasınlar deyə müəyyən zamanla dəyisdirilməlidirlər.
“Ananın südü keyfiyyətsiz idi” deyənlər də var. Unutmayın, keyfiyyətsiz süd olmur, keyfiyyətsiz insan olur. Bu cür işləri icra edənlər kimi.
Ana südü ifadəsini də insan südü ilə əvəz etmək lazımdır. Zatən ata südü olmur. Bəlkə o zaman uşağa nə verdiklərinin fərqinə vardılar.
Aytən İsmayılzadə, uşaq həkimi