İsra-41 -“İnsanlar düşünüb ibrət alsınlar deyə, biz Quranda Allahın vahid, tək olmasını cürbəcür dəlillərlə, müxtəlif misallarla izah etdik. Lakin bu izah onların yalnız nifrətini artırdı. İslamdan daha da çox üz döndərdilər. Bununla Uca Allah öz qüdrətini o zəif canlıları nümunə çəkməklə izhar edir.”
Kafirlərin irad tutmaqlarına baxmayaraq, Quranda dəvə, bal arısı, ağcaqanad, milçək, hörümçək, qarışqa, meymun, uzunqulaq, donuz, quşlar, balaca taxtaqurdu və başqa həşəratlar kimi canlıların adları çəkilir. Buna görə Allah-taala buyurur:” İnsanları asan başa salmaqdan ötrü zəif canlıları misalçəkməkdən belə çəkinmərəm.” İman gətirən kəslər bilirlər ki, Allah tərəfindən çəkilən bu misallarda əsas məsələ böyük və kiçik mövzuları, zillət və şərafəti bir-birindən fərqləndirməkdir. Bəzi heyvanlar var ki, insanlardan şərafətlidirlər. Kafir olan kəslər deyərlər ki, Allah-taala bu misalı gətirməklə nə demək istəmişdir. Allah bu misallarla hidayəti qəbul etməyən çox qəlbi azdırar, hidayəti qəbul edənlərin çoxunu isə hidayətə gətirər.
Bu ibrətlər haqqında Qurani-Kərimdə buyurulan ayələr:
Əl-Həcc-73- Ey insanlar! Sizə misal çəkildi, onu eşidin! Allahdan başqa ibadət etdiyiniz kəslər əsla bir milçək yarada bilməzlər. Bunun üçün toplaşsalar da, yenə də yarada bilməzlər. Əgər milçəklər bütlərin soyuq bədənlərindən bir parça aparsalar da, özlərini xilas edə bilməzlər. Bütlər və milçəklər, hər ikisi də zəifdir.
Məsələn, bu ayədə adı çəkilən milçəyin çirkablar üstündə oturan, xəstəlik yayan, insanda ikrah hissi oyadan bir canlı olmasına baxmayaraq, onun bizim üçün məsəl çəkilməsinin məqsədi vardır. Əgər fikir versəniz, milçəyin daim əl-üzünü yuduğunu, özünün təmizliyi ilə məşğul olduğunu müşahidə edərsiniz. Sonsuz qüdrəti böyük olan Allahın bizə demək istədiyi şey, bizim milçəkdən deyil, öz natəmizliyimizdən diksinib, təmizliyə və paklığa riayət etməyimizdir. Milçəyin bizim üçün misal çəkilməsinin hikməti isə biz insanların təmizkar olub, çirkinlik və pisliklərdən qorunmağımız və Allahın qarşısında bir milçək qədər qüdrətimizin olmamasıdır. Başqa bir hikmət isə Allahdan başqa tapındıqlarımızın bir milçək qədər belə qüdrəti olmadığını bizlərə anlatmaqdır.
Həqiqətən də, Qadir Allah yerdə mövcud olan məxluqların hamısını, bizim bu dünyada onlardan ibrət alıb, axirətimizi dərk etmək üçün əlamətlər olaraq yaratmışdır.
Ardı var….
Mənzər AĞAYEVA
İLAHİYYATÇI