ABŞ Prezidenti Donald Trampın ticarət rüsumlarının tətbiqi ilə bağlı apardığı siyasət dünyanın siyasət və iqtisadiyyat gündəminin əsas mövzusudur. Mövzu ilə bağlı fikirlərini ELAZ.İNFO ilə bölüşən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, “Amerika prezidenti Tramp guya 75-dən çox ölkənin xahişini nəzərə alaraq ticarət rüsumlarının tətbiqinin 3 ay müddətinə təxirə salındığını elan edib. Əvəzində isə “Çinin dünya bazarına münasibətdə hörmətsizliyi” nəzərə alınaraq Cin məhsullarına münasibətdə idxal rüsumu 125 %-ə qaldırılıb. Bu məsələnin üzdə görünən tərəfidir.
Lakin bu məsələnin pərdə arxası tərəfi də var. Belə ki, Cin Trampın ultimativ xarakterli tələbinə baxmayaraq ABŞ ilə danışıqlara getməkdən imtina edib və qarşılıqlı olaraq Amerika məhsullarının idxalına rüsumun qaldırıldığını elan edib. Cavabında Tramp Cin məhsullarının idxalına rüsumları təxminən 3 dəfə (105 % ) qaldırıb və Cin tərəfindən də oxşar addımlar atılıb (84 %). Digər tərəfdən isə Avropa İttifaqı da bu gün günorta ABŞ məhsullarının idxalına rüsumun mərhələli şəkildə qaldırlması paketinin razılaşdırıldığını elan edib”.
Qulamhüseyn Əlibəyli onu da vurğulayıb ki, “fond birjalarındakı vəziyyətin ürəkaçan olmaması, Trampın özünün və Maskın təxminən bir həftə müddətində külli məbləğdə şəxsi vəsait itirməsi də qeyd olunmalıdır. Trampın son qərarından sonra ABŞ birjalarında və fond bazarında yüksəlmə olduğu bildirilir”.
İlahə BAYINDIR