Sosial şəbəkələrdən məlum oldu ki, Sumqayıt şəhər icra başçısı Z. Fərəcov “Bunları səkiyə qoymusansa, artıq sənin deyil. Vsyo qoyun maşına” deyib sahibkarın əmlakını əlindən alan kiçik çaplı məmuru “çox ciddi” cəzalandırıb – ona xəbərdarlıq edib.
Son günlərin əsas mövzusuna çevrilən bu məsələ ilə bağlı ELAZ.İNFO-ya danışan siyasi şərhçi Qulamhüseyn Əlibəyli bildirib ki, ” Əslində bu məsələyə şəhər icra başçısından çox prokurorluq müdaxilə etməliydi. Çünki səkiyə yığılan meyvələr sahibkarın mülkiyyətidir. O, hansısa qaydanı pozubsa belə, icra hakimiyyətində işləyən məmur bu mülkiyyəti onun əlindən ala bilməz. Şəxsin mülkiyyət hüququ yalnız qanunla müəyyən olunmuş qaydada məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Yəni inzibati müsadirə yalnız məhkəmə tərəfindən tətbiq oluna bilər. Konkret halda həmin məmur elə-belə özbaşınalıq etməyib. Hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək sahibkarı qanunsuz olaraq mülkiyyətində olan əmlakdan məhrum edib və ona maddi ziyan vurub. Bu əməl isə vurulan maddi ziyanın miqdarından asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur”.
Qulamhüseyn Əlibəyli onu da söyləyib ki, “Düzdür, vətəndaşların şəxsi mülkiyyətində olan yaşayış evini onların başına uçuran tikinti maqnatlarının törətdikləri ilə müqayisədə bu əməl zahirən böyük təhlükə törətməyən hüquqpozma kimi görünə bilər. Lakin hər bir hüquqpozmaya görə qanunla məsuliyyət yaranır. İcra hakimiyyətində işləyən məmurların bu barədə heş bir qanunu imtiyazları yoxdur. Onlar da törətdikləri konkret hüquqpozmaya görə məsuliyyət daşımalıdırlar. Hüquqpozmaya görə məsuliyyət məsələsinə selektiv yanaşmaq son nəticədə növbəti hüquqpozmalara stibul yaratmağa bərabərdir”.