Bildiyiniz kimi İranın uranı zənginləşdirdiyi əsas obyektlərdən biri olan Natanz nüvə zavodunun yerüstü infrastrukturu ötən gün İsrailin hücumu nəticəsində ciddi zərər görüb. Daha doğrusu, nüvə obyektinin yerüstü hissəsi məhv edilib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin bildirdiyinə görə, İsrailin İrana endirdiyi zərbələr nəticəsində 60%-ə qədər zənginləşdirilmiş uran istehsal edən Natanz nüvə obyektində sızma aşkarlanıb, radioloji və kimyəvi çirklənmə aşkar edilib.
Radioloji və kimyəvi çirklənmə isə ilk növbədə İranla həmsərhəd ölkələr (Azərbaycan, Türkiyə, İraq, Pakistan, Əfqanıstan, Ermənistan və Türkmənistan) üçün ciddi fəsadlar yarada bilər.
Ötən gün Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.
Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri mətbuat xidmətlərinin birgə məlumatda bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir.
Ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət edilməsi olduqca önəmli məsələdir. Radiasiyadan qorunmaq üçün ön tədbirlər görülməlidir.
P.S.İran və Rusiya kimi şər ölkələrlə qonşu olmağımız taleyin sınağıdır. Bütün sınaqlara hazır olmalıyıq.
Bəybala MİRZƏYEV