Qoç Heykəlləri Türk Dünyasının Əhəmiyyətli Mirasıdır

ELAZ.İNFO, BAKI, 20.05.2025.

Cənub bölgəsinin Qoçdaş heykəlləri tarixə qovuşmaq üzrədir.

Anadoludan Koreyaya qədər uzanan geniş coğrafiyada yayılmış qoç formalı daş heykəllər türklərin qədim mədəniyyətinin və mənəvi dünyasının daş yaddaşıdır. Bu abidələr əsrlərlə qəbirüstü nişanə kimi istifadə olunmuş, mərhumun cəsarətini, sosial statusunu və nüfuzunu simvolizə etmişdir. Onlar əcdad kultu, qəhrəmanlıq və totemizm anlayışları ilə sıx bağlı olub, türk xalqlarının dünyagörüşünü əks etdirən nadir sənət nümunələridir.

Bu gün bu heykəllərə Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Monqolustan, Rusiya, Çin və Cənubi Koreyada rast gəlinir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın Qarabağ bölgəsi də bu abidələrin geniş yayıldığı ərazilərdən biridir. Ağdam, Laçın, Kəlbəcər və digər rayonlarda onlarla belə heykəl mövcud olmuşdur. Lakin Ermənistanın uzunmüddətli işğalı dövründə bu abidələrin böyük bir hissəsi sistemli şəkildə dağıdılmış, qalanları isə mənimsənilərək saxtalaşdırılmışdır.

Təəsüflər olsun ki, Azərbaycan ərazisində yerləşən Qoç heykəllərinin bir qismi Dövlət qeydiyyatına alınaraq qorunsa da, böyük bir hissəsi, ələlxsüs da Azərbaycanın Lerik, Yardımlı və Cəlilabad bölgələrindəki bir çox əhəmiyyətli nümunələr hələ də, qeydiyyata alınmayıb və böyük təhlükə altındadır. Onların bir çoxu baxımsız vəziyyətdədir, bəziləri məhv edilir və oğurlanır. Əgər bu heykəllər qorunmasa, biz təkcə daş parçalarını deyil, bir xalqın minillik tarixini və kimliyini itirmiş olarıq. Bu səbəbdən qoç heykəllərinin xüsusi mühafizəyə alınması, dövlət qeydiyyatına salınaraq inventarlaşdırılması vacibdir. Abidələrin yerləşdiyi ərazilərdə onların bərpası və tanıdılması məqsədilə açıq səma altında muzeylərin yaradılması, həmçinin mədəni irs marşrutlarına daxil edilməklə turizm xəritəsinə salınması böyük əhəmiyyət kəsb edir. Bu həm iqtisadi, həm də mədəni baxımdan regionlara yeni nəfəs verəcək, eyni zamanda tarixi ədalətin bərpasına xidmət edəcəkdir.

Qoç heykəlləri türk dünyasının əhəmiyyətli mirasıdır və onların qorunması gələcək nəsillərə ötürüləcək kimliyin təminatıdır.

Sabit COCULU

Bizi izləyin və paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights