Azərbaycan ali təhsil sisteminin institusional problem. Son illərdə Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı ən çox səslənən fikirlərdən biri də tədqiqat universiteti (TU) modelinin yaradılması ətrafında olur. Bu fikir sənədlərdə, strateji proqramlarda və müxtəlif çıxışlarda bu model tez-tez vurğulanır. Məqsəd aydındır: universitetlər yalnız tədris müəssisəsi deyil, həm də elmi bilik istehsal edən mərkəzlərə çevrilməlidir. Lakin reallıq göstərir ki, bu model hələ də formalaşmayıb. Azərbaycanda onlarla universitet fəaliyyət göstərsə də, onların böyük əksəriyyəti hələ də tədris yönümlü institutlar olaraq qalır. Bu vəziyyət təsadüfi deyil. Problemin kökü struktur və institusional səviyyədədir.
9 il əvvəl NK Azərbaycanda Tədqiqat Universitetlərinin (TU) yaradılması haqqında qaydalar təsdiq etdi. Daha sonra “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da TU yaradılması haqqında xüsusi bəndlər öz əksini tapdı. Strategiyada qeyd edilirdi ki, 2026-cı ildə ölkədə 2 TU yaradılacaqdır. Amma bu sahədə hələ ki, irəliləyiş hiss edilmir. TN-nin ETN- transformasiyası da TU-nin yaradılmasına hələki təkan verə bilmir. Yeni Agentlik (Elm və Ali təhsil Agentliyi) də vəziyyəti dəyişə bilmədi. NK-nin 9 il əvvəl təsdiq etdiyi qaydalar beynəlxalq meyarlardan xeyli zəif olsa da , ölkədə bu gün də bu meyarlara uyğun universitet tapmaq çətindir.
Hal-hazırda ölkənin bəzi aparıcı universitetləri TU yaratmaq iddiasındadır.
Maraqlıdır, son 10 ildə bu universitetlər elmin inkişafına nə qədər investisiya ediblər? Son 1 ildə elmə nə qədər investisiya ediblər? Bu məlumatlar bəlli deyil, amma bəzi universitetlər hər il təmir-tikintiyə 10-20 milyon manat ətrafında pul xərcləyirlər. Təbii ki, bu halda PHŞ olan kasıb universitetlərin elmə investisiya etmək imkanı olmaz. Deməli, real TU da yaranmayacaq. Ən yaxşı halda, ETN daxili istifadə üçün (pokazuxa və hay-küy məqsədli) 1-2 universitetə bu ad formal təqdim ediləcəkdir. Adı olan, real, kommersiyalaşan elmi nəticələri və innovasiyaları olmayan TU. Qlobal inkişafdan 20 il geri qalan universitetlər iri investisiyalr olmasa, TU ola bilməzlər.
TU nə nədir, buna nə ehtiyac var?
Dünyada Tədqiqat Universisitetləri varmı, nəların kimi nailiyyələri var? TU-də elmi tədqiqatlar universitetin fəaliyyətinin əsas istiqamətini təşkil edir. TU-ləri ictimai və ya özəl ola bilər. TU çox vaxt tanınmış brend adlara malik olurlar. Bu universitetlərdə tanınmış elmi mərkəzlər və nüfuzlu elm adamları fəaliyyət göstərir.
TU -də bakalavr təhsili çox vaxt peşəyönümlü deyil, akademik istiqamətli olur. TU tələbələri konkret peşə üzrə karyeraya hazırlamırlar. Lakin, bir çox işəgötürənlər tədqiqat universitetlərinin məzunlarını daha yüksək qiymətləndirirlər. Çünki, TU tələbələrdə bu gün çox zəruri olan tənqidi düşünmə bacarığı formalaşdırır. Qlobal miqyasda TU ABŞ və Yaponiya istisna olmaqla, əsasən dövlət universitetləridir.
1960-cı illərdən bəri ABŞ TU- ləri, xüsusən də Kaliforniya texnoloji Universiteti bütün dünyada TU üçün bir model rolunu oynayır. Şimali Amerikanın ən nüfuzlu TU – ABŞ və Kanadanın 66 aparıcı tədqiqat universiteti Amerika Universitetləri Assosiasiyası yaratmışlar.
ABŞ-da KALIFORNIYA TEXNOLOJI İNSTITUTU (CALTECH) adlı TU var. Caltech-in tərkibində 50-dən çox tədqiqat institutu və mərkəzi var. 2018-ci ilin oktyabr ayına olan məlumata görə, Caltech məzunları, müəllimlər və tədqiqatçılar arasında 73 Nobel mükafatı laureatı, 4 Fields medalı və 6 Turing mükafatı laureatı var. Bundan əlavə, bu bu TU-nin 53 nəfər professor-müəllim heyəti (eləcə də bir çox əməkdar professor-müəllim heyəti) ABŞ Milli Akademiyalarından birinə, ABŞ Hərbi Hava Qüvvələrinin aparıcı elmi mərkəzlərinə seçilib, 71 nəfər ABŞ-ın Milli Elm və Texnologiya Medalını alıb. Çoxsaylı professor-müəllim heyəti Howard Hughes Tibb İnstitutu və NASA ilə əlaqəlidir. Son on illikdə 350 şirkət bu universitetin tədqiqatlarına 2 milyard dollarlıq sponsorluq edib.
Bu təqdim edilən siyahıda dünyanın ən güclü 15 tədqiqat universitetinin adları qeyd edulib.
Tədqiqat universitetinin özəllikləri
TU yalnız dərs keçən ali məktəb deyil. Bu tip universitetlərin əsas missiyası yeni bilik yaratmaqdır. Belə universitetlər güclü elmi laboratoriyalar və tədqiqat infrastrukturu, beynəlxalq elmi şəbəkələrə inteqrasiya, böyük tədqiqat qrantları və fondları, doktorantura və postdoktorantura məktəbləri, sənaye ilə sıx əməkdaşlıq edirlər. Məsələn, dünyanın aparıcı TU-ləri MİT, Stenford Universiteti, Oskford Universiteti, Harvard Universitet nümunə kimi göstərilə bilər. Bu universitetlər yalnız təhsil deyil, həm də texnologiya və innovasiya mərkəzləridir.
Azərbaycan universitetlərinin real funksiyası
Azərbaycan universitetlərinə baxdıqda tam fərqli mənzərə görünür. Universitetlərin böyük hissəsi bakalavr və magistr hazırlığı üzrə müxtəlif tədris proqramları həyata keçirir, diplom verir v.s. funksiyaları yerinə yetirirlər. Elmi fəaliyyət isə çox vaxt formal xarakter daşıyır. Elmi məqalələrin böyük hissəsi yerli jurnallarda dərc olunur, real tədqiqat nəticəsi deyil, beynəlxalq elmi diskursla əlaqəsi zəifdir. Bu isə universitetlərin bilik istehsal edən institutlara çevrilməsini çətinləşdirir. Bu istiqamətdə bir sıra problemlər mövcuddur:
1. Universitetlərdə tədqiqat mühiti və tədqiqat infrastrukturu yoxdur. Bəzi universitetlərimiz öz nəznində ictimai əsaslarla fəaliyyət göstərən tədqiqat laboratoriyaları yaradırlar. Dünyanın indiki inkişaf səviyyəsində ictimai əsaslarla elm yaratmaq, tədqiqat aparmaq olarmı? Kimi aldadırıq belə?
TU əsas dayağı güclü laboratoriyalardır. Lakin Azərbaycanda bir çox universitetdə müasir laboratoriya infrastrukturu çox zəifdir, elmi avadanlıqlar köhnədir, eksperimental tədqiqat imkanları məhduddur.
2. Akademik mühitin zəifliyi. Tədqiqat universitetləri güclü akademik mühitdə qurula bilər. Akademik mühit azad elmi diskussiya, beynəlxalq əməkdaşlıq, rəqabətli akademik mühit, meritokratiya prinsipi kimi elementlərin olmasıını tələb edir. Bizdə bunlar heç vaxt olmayıb, indi də yoxdur. Azərbaycan universitetlərində isə akademik mühit çox vaxt inzibati idarəetmənin kölgəsində qalır. Elmi fəaliyyətin əsas stimulu çox vaxt real tədqiqat deyil, formal akademik göstəricilər olur.
3. Elmin maliyyəşməsinin zəifliyi. Elmi tədqiqat böyük investisiya tələb edir. Dünya universitetləri hər il milyardlarla dollar tədqiqat maliyyəsi alır. Azərbaycanda isə universitetlərin elmi büdcəsi demək olar ki, yoxdur. Belə şəraitdə TU yaratmaq mümkün deyil. Azərbaycan universitetlərinin (50 universitetin) illik elmi-tədqiqat büdcəsi ümumilikdə 2 milyon manat idi, hər universitetə ildə 25 min $. Bu rəqəm 2013-cü ilə qədər belə idi. Sonralar ümumiyyətlə bu haqda heç bir məlumatlar verilmədi, görünür bu kommersiya sirridir.
TU güclü qrant sistemi üzərində fəaliyyət göstərir. Məsələn: ABŞ-da universitetlərin böyük hissəsi Federal tədqiqat qrantları alır, Avropada isə böyük elmi fondlar fəaliyyət göstərir. MDB-də də bir çox ölkələr çoxdan qrant sisteminə keçiblər. Azərbaycanda isə universitetlərin elmi maliyyə mənbələri məhduddur. Olan qrantlar da elmi dəyər daşıyan layihələrəə yox, dostların mənsız layihələrinə verilir. Bu sahədə ETN-nin zəngin təcrübəsi var. Belə israfçılıqlar isə tədqiqat fəaliyyətini genişləndirməyə imkan vermir.
Bizdə isə elm və təhsilin inkişafına heç bir qrant verilmir, olan vüzi qrantlar da ancaq məmurların dost-tanışına paylanır, təbii ki, bu da tam faydasız olur.
4. Universitet–sənaye əlaqəsinin zəifliyi. Dünyada TU texnologiya və innovasiya mərkəzlərinə çevrilib. Məsələn: Stanford University Silikon Vadisinin formalaşmasında böyük rol oynayıb, MİT yüzlərlə texnologiya şirkətinin yaranmasına səbəb olub v.s. Azərbaycan universitetlərində isə sənaye ilə əməkdaşlıq çox zəifdir. Universitetlər texnologiya transferi, startap ekosistemi, innovasiya parklarının yaradılması baxımından çox geridədir.
5. Akademik kadr problemi. TU əsas gücü professor-müəllim heyətidir. Bu heyət fəali tədqiqat aparmalı, beynəlxalq elmi jurnallarda dərc olunmalı, qlobal akademik şəbəkələrdə iştirak etməlidir. Lakin Azərbaycanda akademik kadrların böyük hissəsi ağır tədris yükü daşıyır, tədqiqat üçün vaxt və resurs tapmır, beynəlxalq elmi mühitlə zəif əlaqədədir. Bu isə tədqiqat potensialını məhdudlaşdırır.
Struktur dəyişikliklər niyə kifayət etmir?
Son illərdə bəzi universitetlər PHŞ modelinə keçirildi. Lakin bu dəyişiklik TU yaratmaq üçün kifayət deyil, bizim reallıqda isə, əksinə, bu inkişafa mane olacaqdır. Çünki TU yaratmaq hüquqi status dəyişmək deyil, uzunmüddətli akademik strategiya qurmaqdır. Əgər universitetdə laboratoriyalar yoxdursa, qrant sistemi zəifdirsə, akademik mühit inkişaf etməyibsə sadəcə idarəetmə formasını dəyişmək real nəticə verməz.
Bu vəziyyətdə təbii olaraq belə bir strateji sual yaranır: biz ölkədə TU yaratmaq istəyirmi, yoxsa sadəcə söz oyunu oynayırıq? Əgər həqiqətən bizim TU yaratmaq istəyiriksə, onda uzunmüddətli elmi strategiya, böyük maliyyə investisiyası, akademik mühitin liberallaşdırılmasını təmin etməliyik.
Dövlət siyasətinin rolu
Ali təhsil və elm dövlətin strateji sahəsidir. Bu sahədə qərarlar uzunmüddətli milli inkişaf strategiyasına əsaslanmalıdır. Bu baxımdan əsas dövlət institutlarının rolu vacibdir. Bu məsələlər mütəmadi olaraq Milli Məclisin iclaslarında, Nazirlər Kabinetinin iclaslarında müzakirə edilməlidir. Elm və ali təhsil siyasəti koordinasiyalı şəkildə həyata keçirilməlidir.
Göründüyü kimi, TU yaratmaq sadəcə institusional qərar deyil, bu, uzunmüddətli akademik və iqtisadi strategiyanın nəticəsidir. Azərbaycan universitetlərində isə hələ də mövcud olan zəif tədqiqat infrastrukturu, məhdud elmi maliyyə, zəif universitet–sənaye əlaqələri, inkişaf etməmiş akademik mühit TU yaradılmasına imkannvermir. Bu problemlər həll olunmadan tədqiqat universiteti modeli formal anlayış olaraq qalacaq.
Görəsən, biz TU yaratmaq istəyirik, yoxsa bu sadəcə ETN-nin yaratdığı növbəti hay-küydür.
İlham Əhmədov
Dosent