ELAZ.İNFO xəbər verir ki, qlobal bazarlarda qiymətli metalların qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Dolların maliyyə sabitliyinin qarantı kimi etibarı zəiflədikcə, investorlar kütləvi şəkildə qızıla üz tutur. Nəticədə, 2026-cı ilin yanvar ayında qızılın bir troya unsiyasının qiyməti tarixində ilk dəfə 5000 dollar həddini keçib.
Təkcə son bir ayda qızıl 10%-dən çox, son bir ildə isə təxminən 80% bahalaşıb. Bu kəskin sıçrayışın əsas səbəbləri kimi geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənlik göstərilir. Xüsusilə, ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatlar və Vaşinqtonun Qrenlandiya ilə bağlı bəyanatları investorlar arasında ciddi narahatlıq yaradaraq “təhlükəsiz liman” olan qızıla tələbatı artırıb.
Mütəxəssislər qeyd edirlər ki, təkcə fərdi investorlar deyil, dünya mərkəzi bankları da qızıl ehtiyatlarını sürətlə artırır. Məlumata görə, ötən il mərkəzi bankların rezervlərində qızılın payı 20% idisə, hazırda bu rəqəm 30%-ə yaxınlaşır. Analitiklərin fikrincə, ABŞ dollarının zəifləməsi və beynəlxalq ticarətdəki tarif müharibələri qızılın qiymətini daha da yuxarıya daşıya bilər.
Ruslan MƏMMƏDOV