ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanın çap mediasında tətbiq edilən yeni qiymət siyasəti oxucular, xüsusilə də mütaliəyə meyilli gənclər üçün ciddi sınağa çevrilib. Qiymət artımı sadəcə rəqəmlərin dəyişməsi deyil, həm də onsuz da zəifləyən “kağızdan oxuma” mədəniyyətinin bir qədər də sıradan çıxması deməkdir.
Aparılan monitorinqlər göstərir ki, bəzi nəşrlərdə bahalaşma 2-3 dəfəyə çatır. Məsələn, əvvəllər 20 qəpiyə satılan “Bakı Xəbər” qəzeti indi 60 qəpiyə təklif olunur ki, bu da 2 dəfə artım deməkdir. Ən çox oxunan “Yeni Müsavat” və “525-ci qəzet” isə 60 qəpikdən 1 manata qalxaraq 66%-lik bir artım nümayiş etdirib. Ən kəskin sıçrayış isə “Səs” qəzetində müşahidə olunur; 40 qəpikdən 1 manata yüksələn qiymət 1,5 dəfə fərq yaradıb. Hətta rəsmi dövlət qəzetləri olan “Azərbaycan” və “Xalq” da 40 qəpiklik qiymətini 60 qəpiyə çatdıraraq 50% bahalaşıb. Bu bahalaşma onsuz da internet və sosial şəbəkələrin təsiri ilə kitab-qəzetdən uzaqlaşan gənc nəsil üçün mütaliəni bir növ “lüks”ə çevirir. Ekspertlərin rəyinə görə, gənclərin informasiyanı “TikTok” və “Instagram” kimi platformalardan qısa və çox vaxt səthi şəkildə alması onların analitik təfəkkürünə mənfi təsir göstərir. Qəzetlərin qiymətinin bir neçə dəfə artması isə bu prosesi daha da sürətləndirir. Məhdud büdcəli tələbə və ya gənc üçün gündəlik 1 manat qəzetə vermək, ayda 30 manatlıq əlavə yük deməkdir ki, bu da onları peşəkar jurnalist araşdırmalarından tamamilə uzaqlaşdıraraq rəqəmsal dünyanın xaotik məlumat axınına məhkum edir.
Beləliklə, mütaliə həvəsi olmayan gənclik indi həm də iqtisadi baryerlərlə qarşı-qarşıya qalıb. Bu tendensiya davam edərsə, yaxın gələcəkdə çap mediasının oxucu kütləsi yalnız yaşlı nəsillə məhdudlaşa bilər.
Ruslan MƏMMƏDOV