Site icon

Qısamüddətli “sürprizlər”, uzunmüddətli eskalasiya

İran müharibəsi Çinin enerji təhlükəsizliyinə necə təsir edir?

ABŞ–İsrail–İran qarşıdurması fonunda Çinin enerji təhlükəsizliyi məsələsi tez-tez sadələşdirilmiş formada təqdim olunur. Çinin İran neftindən və Hörmüz boğazından kritik dərəcədə asılı olması ilə bağlı iddialar səsləndirilir. Araşdırma zamanı daha dərin təhlil göstərir ki, bu yanaşma reallığı tam əks etdirmir. Ona görə ki, Çin son onilliklərdə enerji siyasətini sistemli şəkildə şaxələndirmiş, daxili istehsal və alternativ enerji mənbələri hesabına ümumi enerji təhlükəsizliyini nisbətən dayanıqlı hala gətirmişdir. Hazırda ölkənin enerji ilə özünütəminat səviyyəsi təxminən 80–85 faiz civarındadır və enerji balansında neftin payı 20 faizdən aşağıdır. Bu baxımdan, Çin üçün əsas zəiflik enerji sisteminin özü deyil, idxal olunan neftin daşınma marşrutlarıdır. Bununla belə, Çin hələ də qlobal neft bazarına yüksək dərəcədə inteqrasiya olunmuşdur. 2025-ci ildə gündəlik 11,55 milyon barel həcmində neft idxalı və bu idxalın 55 faizdən çoxunun Yaxın Şərqdən gəlməsi Çinin regiona bağlılığını göstərir. İran bu strukturda xüsusi yer tutur. Qeyri-rəsmi məlumatlara görə, İranın xam neft ixracının təxminən 90 faizi Çinə yönəlir və gündəlik təxminən 1,3–1,4 milyon barel həcmində neft bu marşrutla daxil olur, lakin bu axın çox vaxt dolayı yollarla Malayziya və İndoneziya kimi tranzit nöqtələr vasitəsilə həyata keçirilir ki, bu da həm sanksiyaların yan keçilməsi, həm də ödəniş mexanizmlərinin gizlədilməsi ilə bağlıdır.

İrandakı müharibə Çinin enerji təhlükəsizliyinə üç əsas istiqamətdə təsir göstərir.

Birincisi, İranın neft istehsalı və ixracı müharibə şəraitində qaçılmaz olaraq pozulur və bu, Çin üçün həm ucuz enerji mənbəyinin azalması, həm də alternativlərin daha baha başa gəlməsi deməkdir.

İkincisi, İranın Hörmüz boğazını bağlamaqla bağlı təhdidləri və bölgədə artan hərbi fəaliyyət dəniz nəqliyyatını risk altına salır. Artıq Körfəz regionunda tanker hücumlarının artması və sığorta xərclərinin yüksəlməsi neft axınını faktiki olaraq məhdudlaşdıran amillərə çevrilmişdir.

Üçüncüsü, regional qeyri-sabitlik digər Körfəz istehsalçılarını ehtiyatlı davranmağa və istehsalı azaltmağa sövq edir ki, bu da qlobal qiymətlərin artmasına gətirib çıxarır. Neft qiymətlərinin 100 dollar həddini keçməsi bu dinamikanın bariz göstəricisidir. Bununla belə, qısamüddətli perspektivdə Çin bu “sürprizə” müəyyən qədər hazırdır. Strateji neft ehtiyatları, müxtəlif təchizatçı ölkələrlə müqavilələr və enerji mənbələrinin diversifikasiyası Pekinə müvəqqəti fasilələri kompensasiya etməyə imkan verir, lakin Hörmüz boğazının uzunmüddətli bağlanması xüsusilə üç aydan artıq davam edərsə artıq struktur problemə çevrilə bilər. Bu halda Çin yalnız qiymət artımı ilə deyil, fiziki təchizat çatışmazlığı ilə də üzləşə bilər ki, bu da onun sənaye və ixrac yönümlü iqtisadi modelinə ciddi zərbə vuracaq.

Məsələnin beynəlxalq hüquq aspekti isə xüsusilə diqqətəlayiqdir. Hörmüz boğazı beynəlxalq dəniz hüququna görə beynəlxalq boğaz statusuna malikdir və BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasına (UNCLOS) əsasən burada “tranzit keçid azadlığı” prinsipi tətbiq olunur. Boğaz Körfəzdən çıxan yeganə dəniz yoludur və dünyanın mayeləşdirilmiş təbii qaz və dəniz ticarətinin təxminən dörddə birinin keçdiyi marşrutdur. Gəmiçilik iki mil enində bir cüt zolaqla məhdudlaşır, biri çıxış trafiki, digəri isə giriş trafiki üçündür və iki mil enində meridianla ayrılır. Ən dar nöqtəsində olan boğazın eni cəmi 21 dəniz milidir (24 mil), bir tərəfi İran sahilləri, digər tərəfi isə Omanın Musandam yarımadası ilə məhdudlaşır. Siyasi baxımdan son dərəcə həssas bir regionda yerləşən və qlobal ticarət üçün strateji əhəmiyyət daşıyan bu boğaz tarix boyu müxtəlif güclərin təsir və nəzarət mübarizəsinin hədəfi olmuşdur. Bunun bariz nümunələrindən biri 1980-ci illərdə İran–İraq müharibəsi zamanı baş verən və “tanker müharibəsi” kimi tanınan mərhələdir. Həmin dövrdə artan təhlükələrə cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələri 1987-ci ildə İkinci Dünya müharibəsindən sonra ən irimiqyaslı dəniz müşayiəti əməliyyatlarından biri sayılan “Earnest Will” (“Ədalətli İradə”) əməliyyatını həyata keçirmişdir.

Nəhayət belə beynəlxalq əhəmiyyətli boğazın bağlanması və ya dəniz nəqliyyatının qəsdən məhdudlaşdırılması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər. İranın belə addımı hüquqi baxımdan mübahisəli olmaqla yanaşı, digər dövlətlərə, o cümlədən ABŞ və müttəfiqlərinə, dəniz yollarının təhlükəsizliyini təmin etmək adı altında hərbi müdaxilə üçün əsas verə bilər. Digər tərəfdən, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları da beynəlxalq hüquq baxımından mübahisəsiz deyil. Əgər bu əməliyyatlar BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan həyata keçirilirsə, onlar BMT Nizamnaməsinin 2(4)-cü maddəsində nəzərdə tutulan güc tətbiqi qadağası ilə ziddiyyət təşkil edə bilər. Bu isə münaqişənin hüquqi çərçivəsini daha da mürəkkəbləşdirir və qlobal enerji təhlükəsizliyi ilə beynəlxalq hüquq arasında birbaşa əlaqə yaradır.

Nəticə etibarilə, İran ətrafında baş verən müharibə Çin üçün ekzistensial enerji böhranı yaratmasa da, onun ən zəif nöqtəsini, dəniz nəqliyyatına əsaslanan neft təchizatını üzə çıxarır. Qısamüddətli “sürprizlər” idarəolunan olsa da, uzunmüddətli eskalasiya Pekini həm iqtisadi, həm də geosiyasi baxımdan daha aktiv mövqe tutmağa məcbur edə bilər. Bu kontekstdə Çin üçün əsas məsələ yalnız enerji axınının davamlılığı deyil, həm də bu axının beynəlxalq hüquq çərçivəsində qorunub saxlanılmasıdır.

Əlövsət ALLAHVERDİYEV

Bizi izləyin və paylaşın
Exit mobile version