ELAZ.İNFO xəbər verir ki, kəskin hava dəyişiklikləri və soyuq aylarda yayılan virus infeksiyaları orqanizmin müdafiə sistemini sınağa çəkir. Mütəxəssislər qış mövsümündə sağlamlığı qorumaq və enerjili qalmaq üçün bir neçə vacib məqama diqqət çəkir.
Qış qidası: Mövsümi meyvə və tərəvəzlər: Qışda bədənin müqavimətini artırmaq üçün süni əlavələr əvəzinə təbii qidalara üstünlük verilməlidir. Xüsusilə C vitamini ilə zəngin olan sitrus meyvələri (naringi, portağal), kivi və itburnu dəmləməsi gündəlik rasionun bir hissəsi olmalıdır. Həmçinin, güclü təbii antibiotik hesab olunan sarımsaq və soğan immuniteti aktiv saxlayır.
Otaqların havalandırılması: Soyuq hava səbəbindən qapalı məkanlarda daha çox vaxt keçiririk ki, bu da virusların yayılma riskini artırır. Gündə ən azı 2-3 dəfə otaqları 5-10 dəqiqəlik havalandırmaq tənəffüs yolları xəstəliklərindən qorunmağın ən sadə yoludur.
D vitamini və günəş çatışmazlığı: Qışda günəş şüalarının azalması bir çox insanda yorğunluq, yuxusuzluq və depressiv ruh halına səbəb olur. “Günəş vitamini” olan D vitamininin səviyyəsini yoxlatmaq və həkim məsləhəti ilə qəbul etmək həm fiziki, həm də psixi sağlamlıq üçün vacibdir.
Maye qəbulu unudulmamalıdı: Yay aylarından fərqli olaraq, qışda susuzluq hissi azaldığı üçün su içmək çox vaxt unudulur. Lakin qızdırıcı sistemlərin havannı qurutması nəticəsində bədən daha çox nəm itirir. Dərinin qurumaması və metabolizmin zəifləməməsi üçün gün ərzində ilıq su və bitki çaylarına üstünlük verilməlidir.
Həkimlər vurğulayır ki, qış aylarında müntəzəm fiziki aktivlik (ev şəraitində idman və ya qısa yürüşlər) qan dövranını sürətləndirərək bədənin istilik balansını tənzimləməyə kömək edir.
Ruslan MƏMMƏDOV