ELAZ.İNFO xəbər verir ki, Rusiyada (İnsanın İmmunçatışmazlığı Virusu – HIV) qarşı hazırlanan bütün peyvəndlər hazırda preklinik tədqiqatların ilkin mərhələsindədir. Rusiya Elmlər Akademiyasının akademiki Vadim Pokrovskinin sözlərinə görə, bu vaksinlərin praktikada tətbiqinə ən tez 3-5 ildən sonra başlanıla bilər.
Akademik qeyd edib ki, hazırda alimlər iki istiqamət üzrə araşdırmalar aparırlar: Terapevtik peyvəndlər: Artıq yoluxmuş şəxslərin müalicəsi üçün nəzərdə tutulur. Profilaktik peyvəndlər: Sağlam insanları virusdan qorumaq üçün hazırlanır.
Hazırda peyvəndin əsasını təşkil edəcək molekulların seçimi mərhələsi icra olunur. Pokrovski bildirib ki, ən perspektivli variantlar seçildikdən sonra əvvəlcə laboratoriya (preklinik) sınaqları, daha sonra kiçik xəstə qrupları, sonda isə geniş kütlələr üzərində kliniki sınaqlar aparılacaq.
Xüsusilə profilaktik peyvəndlərin effektivliyini yoxlamaq üçün böyük iştirakçı qruplarına ehtiyac duyulacaq. Belə ki, vaksinasiya olunmuş və olunmamış qruplar arasındakı yoluxma statistikası uzun müddət ərzində müqayisə edilməlidir.
Xatırladaq ki, İİV/QİÇS hazırda müasir tibbin ən böyük çağırışlarından biri olaraq qalır və effektiv vaksinin tapılması bu sahədə qlobal dönüş nöqtəsi ola bilər.
Ruslan MƏMMƏDOV