“Qazi” və “veteran” sözləri mənaca bir-birinə yaxın olsa da, həm mənşə, həm də tarixi baxımdan fərqli mənbələrdən yaranmış anlayışlardır.
“Qazi” (غازى) sözü ərəbcə “qəza” (قضاء) “mübarizə aparmaq, döyüşmək” kökündən yaranıb. Əvvəlcə bu söz dini məna daşıyırdı və İslam uğrunda döyüşən, haqq yolunda vuruşan şəxs mənasında işlədilirdi. Yəni qazi iman və ədalət uğrunda mübarizə aparan döyüşçü demək idi. Zaman keçdikcə sözün dini çaları zəifləyib, daha çox müharibədə iştirak etmiş, vətən uğrunda vuruşmuş şəxs mənasında işlədilməyə başlanıb. Bu gün “qazi” sözü Azərbaycanda və digər müsəlman xalqlarında vətən müharibəsi iştirakçısı, döyüşdə yaralanmış igid əsgər anlamında böyük hörmət və şərəf ifadə edən tituldur.
“Veteran” sözü isə latınca “veteranus” sözündən yaranıb. Onun kökü “vetus” “qədim, köhnə, təcrübəli” mənasını verir. Qədim Roma İmperiyasında “veteranus” hərbi xidmətini başa vurmuş, çoxsaylı döyüşlərdə iştirak etmiş təcrübəli əsgərlərə deyilirdi. Zamanla bu söz genişlənərək, yalnız hərbi deyil, istənilən sahədə uzun illər fəaliyyət göstərmiş, təcrübəli insanlara da aid edilməyə başlanıb.
Beləliklə, hər iki söz “qazi” və “veteran” döyüşçüləri ifadə etsə də, fərq ondadır ki:
“Qazi” anlayışı İslam mədəniyyətindən doğub və daha çox dini və milli qəhrəmanlıq anlamı daşıyır.
“Veteran” isə Roma hərbi ənənəsindən qaynaqlanıb və xidmətini tamamlamış, təcrübəli əsgər mənası ilə daha neytral məna daşıyır.
Bu gün isə hər iki söz xalqın minnətdarlıq, hörmət və qürurla yanaşdığı şəxsləri döyüşçüləri, vətən müdafiəçilərini ifadə edir.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
