Qazaxıstan niyə birdən-birə Tramp üçün bu qədər önəmli bir ölkəyə çevrildi?

ELAZ.İNFO xəbər verir ki, bu gün daha bir ölkənin yaxın vaxtlarda “İbrahim sazişləri”nə qoşulacağı barədə xəbər yayıldı. Söhbət bizim dost və qardaş ölkəmiz Qazaxıstandan gedir.

Belə ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ABŞ prezidenti Donald Tramp ilə cümə axşamı Ağ Evdə keçiriləcək görüşdə ölkəsinin “İbrahim sazişləri”nə qoşulacağını elan edəcəyi bildirilir.

“Axios” nəşrinin verdiyi məlumata görə, Tramp və Tokayev Ağ Evdə görüş zamanı İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə telefon danışığı aparacaq və Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulmaq niyyətini rəsmi şəkildə bəyan edəcəklər.

Bunun ardınca isə, Ağ Evdə imzalama mərasiminin keçiriləcəyi bildirilir.

Yeri gəlmişkən, “İbrahim sazişləri”nin “xaç ata”sı da məhz elə Trampdır. Bəli, məhz onun vasitəçiliyi və yeznəsi Cared Kuşnerin koordinasiyası ilə 2020-ci ildə İsrail ilə BƏƏ, Bəhreyn və Mərakeş arasında diplomatik münasibətlər qurulub və “İbrahim sazişi” imzalanıb. Bu saziş müsəlman ölkələrinin İsrail ilə mülayim siyasi münasibətlərin qurulmasını və iqtisadi əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Bu isə öz növbəsində İsrailin bütövlükdə müsəlman ölkələrinin blokadasından çıxarılmasına xidmət edir.

Maraqlıdır ki, Donald Tramp ikinci müddətə ABŞ prezidenti seçildikdən sonra sözügedən sazişə qoşulan ölkələrin sıralarının genişləndirilməsi istiqamətində danışıqları yenidən davam etdirməyə başlayıb.

Tramp Azərbaycan və Qazaxıstan başda olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyanı da “İbrahimi sazişi”nin əhatə dairəsinə daxil etməyi düşünür. ABŞ prezidenti hesab edir ki, İsrailin ərəb və müsəlman dünyası ilə əməkdaşlıq platformasının yenidən canlandırılması və həmçinin Cənubi Qafqaz-Mərkəzi Asiya ölkələrinin də bu təşəbbüsə qoşulması bir tərəfdən İsrailin beynəlxalq legitimliyini möhkəmləndirəcək, digər tərəfdən isə, hazırda ABŞ, Çin, Rusiya və Avropa İttifaqı arasında Mərkəzi Asiyaya nəzarət uğrunda güclənən geosiyasi rəqabəti udmaq imkanı qazandıracaq.

Bəs, Qazaxıstan üçün bu saziş nə vəd edir?

Tokayevin fikrincə, “İbraim sazişi”nə qoşulmaq Qazaxıstan üçün ABŞ-la münasibətləri daha da möhkəmləndirmək imkanı yaradacaq, bu isə Çin və Rusiyanın təzyiqlərini neytrallaşdırmağa kömək edəcək.

Göründüyü kimi burada bütün tərəflər bir-birinə təmənnalı münasibət sərgiləyir. Hər kəs ilk növbədə öz geosiyasi, geoiqtisadi maraqlarını güdür. Başqa sözlə desək, açıq biznesdir.

Ancaq Mərkəzi Asiya ölkələri bu məsələdə Türkiyənin də mövqeyini nəzərə almalıdırlar.

Rəsmi Ankara Trampın “İbrahimi sazişi”nin sıralarını müsəlman-türk dövlətlərinin hesabına genişləndirmək səylərini diqqətlə izləyir. Azərbaycan və Mərkəzi Asiyanın digər türk dövlətləri hələlik “İbrahimi sazişi”nə qoşulmağa tələsmir. Ancaq Qazaxıstan isə, deyəsən, bu prosesdə hamını qabaqlamaq qərarına gəlib.

Lakin bir həqiqət də var ki, Trampdan sonrakı dönəmdə “İbrahimi sazişi” dərhal öz aktuallığını itirəcək. Ona görə də türk dövlətləri indiki dəyişkən və kritik periodda bu cür riskli layihələr, sazişlərlə bağlı tələsik qərarlar qəbul etməməlidirlər.

Birdəki, bütün türk dövlətləri TDT üzvləri olaraq ilk növbədə ortaq maraqlardan çıxış etməli və bir-birilə öncədən razılaşdırılmış addımlar atmalıdırlar. Türk dövlətlərinin ərəb dövlətlərindən fərqi də özünü, zənnimcə, ilk növbədə məhz bunda göstərməlidir.

P.S. Xatırladaq ki, Tokayev hazırda Vaşinqtonda səfərdədir. Bu səfər çərçivəsində həm də Tramp və Mərkəzi Asiya dövlətlərinin başçılarının iştirakı ilə “ABŞ-Mərkəzi Asiya” (USA-CA5) sammiti keçiriləcək. Beləliklə, Mərkəzi Asiya uğrunda qlobal rəqabət özünün həlledici mərhələsinə qədəm qoyur…

(mövzuya qayıdarıq)

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights