Eşşək boyda saxta diplomlu adamlar bu şəkilə baxıb nə düşünürlər görəsən? Bəlkə də heç nə… Çünki düşünmək üçün də təmiz vicdan, saf niyyət, halal zəhmət lazımdır. Saxta diplomla, saxta yollarla, tanış-bilişlə, yaltaqlıqla, əyilməklə, əzilməklə bir yerə gələn adam nə şərəfin, nə də zəhmətin qədrini bilər. O sadəcə özünü ağıllı, başqasını isə “sadəlövh” hesab edər. Onun üçün ali təhsil kağız parçasıdır, insanlıq isə vəziyyətə uyğun geyinilən maska.
Bəs onları bu vəzifələrə irəli çəkənlər? Onlar da fərqli deyillər. Çünki heç bir şərəfli və vicdanlı rəhbər, özü kimi olmayanı irəli çəkməz. Deməli, onları müdafiə edənlər də ya saxta diplomludurlar, ya da həmin o diplomu satıb pul qazananlardır. Qısası, bu sistemdə biri yalanı danışır, biri sənədi düzəldir, biri möhürü vurur, biri də o sənədin üstünə çıxıb “müdrik” pozası verir.
Belə yerdə deyərlər ki, ay eşşək, sən və səni bu vəzifədə oturdub, ləyaqətli insanların haqqını yeyən digər eşşəklər, siz nə düşünürsünüz bu gün? İndi bir şəkilə baxıb, görürsünüz ki, hər kəs artıq sizin iç üzünüzü tanıyır? Amma yenə susursunuz. Çünki saxta diplomun təkcə savadı yox, vicdanı da olmur. Və siz bu sistemin yalan, yaltaqlıq və yalançı dəyərlər üzərində qurulan “mükəmməl” nüsxələrisiniz.
Bu cür adamlara və onlara yol açanlara bir sual düşür: Gecənin bir vaxtı vicdanınızla baş-başa qaldıqda özünüzdən utanırsınızmı? Yoxsa vicdanı da “diplom” kimi saxtalaşdırmısınız?
Bu gün yüzlərlə savadlı, əqidəli insanlar öz halal zəhməti ilə irəli getmək üçün mübarizə aparır, amma qarşısına saxta diplomlu bir “eşşək” çıxıb yer tutur. Və bu təkcə bir şəxsin yox, bir cəmiyyətin faciəsidir. Çünki saxta diplomla vəzifə alan, saxta qərarlar verər, saxta ədalət dağıdar və sonda real insanların real həyatını məhv edər.
Bu gün susmaq, sabah həmin sistemin köləsinə çevrilmək deməkdir. Ona görə də, bu şəkilə baxan hər kəs bu suala cavab versin: mən bu iyrənc saxtakarlığın harasındayam? Əleyhinəyəm, yoxsa bir parçasıyam?
Və unutmayaq – hər saxta diplom, bir ləyaqətli insanın yoluna qoyulmuş daşdır. Amma gec-tez o daşlar yığılacaq və bir gün o ləyaqətli insanlar o daşlardan öz haqları üçün bərk bir divar hörəcəklər. O divarın o tərəfində isə, eşşək boyda saxta diplomlular çabalaya-çabalaya öz utanc dolu keçmişlərinə baxacaqlar. Amma o zaman artıq gec olacaq…
Əli İBRAHİMOV