Qarşılıqlı təhqirlər getdikcə çoxalır

Qarabağın azad edilməsinin 5 illik yubileyi ərəfəsində ortaya atılan məlum mövzudan sonra bəzi adamlar sosial şəbəkələrdə Çingiz Mustafayevin 1992-ci ildə çəkdiyi kadrları yaymağa başlayıb. O dövrün hadisələrindən xəbəri olmayanlar kontekstdən çıxarılan kadrlara baxıb rəy bildirir, qarşılıqlı təhqirlər getdikcə çoxalır.

Bundan əlavə, bəzi istifadəçilər sosial şəbəkələrdə bir zamanlar Rusiyaya tulalıq etmiş, bir dəfə ölkədə qiyam törətmiş, bundan bir il beş ay sonra hərbi çevrilişə cəhd etmiş adamların çıxışlarını yayır, onları “qəhrəman” kimi cəmiyyətə sırımağa çalışır. Sosial media platformalarında tapılması çox çətin olan bir çox videolar sosial şəbəkələrə necə ayaq açır, bunu da araşdırmaq lazımdır.

Laçının işğalı ərəfəsində çəkilmiş kadrlarla bağlı bəzi sualları da sıralayım. Bu sualların cavabını axtarmaq üçün jurnalist araşdırması da aparmaq olar.

1. Çingiz Mustafayevin səsi eşidilən kadrlarda, “Arvadsınız, hara qaçırsınız?” sözləri əmrində çoxlu sayda hərbi texnika və şəxsi heyət olan hansı komandirə ünvanlanmışdı?

2.Həmin komandir Şuşa və Laçına göndərildikdən sonra nələrə səbəb oldu?

3.Laçının işğalı zamanı Silahlı Qüvvələrin ozamankı Baş Qərargah rəisi, general-mayor Şahin Musayev 1992-ci ilin may ayında (dəqiq günü deyəsən, 17-si idi. Gününü dəqiq xatırlaylanar yaza bilər) Qubadlı rayonunda əhaliyə nə demişdi?

4.Qubadlı sakinləri Şahin Musayevin hansı sözlərinə görə qəzəbləndi və onu rayonu tərk etməyə niyə qoymadılar?

5.Müdafiə naziri Rəhim Qazıyev hərbi vertolyotların müşayiəti ilə Qubadlıya niyə gəlmişdi?

6.Laçın rayonunu qorumaq üçün sonadək döyüşən qüvvələr kimlər idi?

7. Laçının geri qaytarılması ilə bağlı hərbi əməliyyat keçirən qrup kimlərdən təşkil olunmuşdu?

Rəsul MİRHƏŞİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights