Qarqar çayın kənarında qalan uşaqlığın acıları

İstedadına və vətənpərvərliyinə yaxından bələd olduğum Səxavət Məmmədin Qarabağ müharibəsindən bəhs edən “Savaş və duman” sənədli romanını bu kitabın təqdimatından bir neçə gün sonra oxuyub bitirmişdim. Hər gün bu barədə nəsə yazmaq istəsəm də, elə hər gün “sabah yazaram” deyib, ləngidirdim.

Səxavət bu kitabla təkcə müharibənin real mənzərəsini yaratmayıb, həm də oxuculara həmin savaşı yenidən yaşamağa məcbur edib. Səxavət 44 günlük Vətən müharibəsində topladığı faktları döyüş meydanlarından yığıb. Bir jurnalist üçün bunun nə qədər çətin olduğunu o savaş meydanında olanlar daha gözəl anlaya bilər.

Aprelin 5-də kitabın təqdimatında üz qabığında “2-ci nəşr” ifadəsi əvvəlcə məndə çaşqınlıq yaratdı. Elə ordaca öyrəndim ki, kitabın təqdimatına qədər çap olunan bütün kitablar satılıb, qurtarıb. Bir yazar üçün bundan böyük uğuru son illərdə hələ kimsə görməyib.

Kitabda ən çox təsirləndiyim yerlərdən biri Səxavətgilin Yusifcanlı kəndindən məcburi köçkün düşdüyü səhnə idi (Kitabı oxuduqca təsirləndiyim səhnələr çox olub, amma həmin hadisə tamamilə sarsıtdı məni). Bu hadisə təkcə bir yurdun işğal faktını anlatmır, həm də Səxavətin Qarqar çayın kənarında qalan uşaqlığının acılarını dilə gətirir. Kitabın təkcə bu hissəsi uğurlu bir filmin ssenarisi ola bilər.

Kitab Qarabağ Zəfərinin 5 illik yubileyinə ən dəyərli əsərdir.

Səxavət, dörd illik zəhmətin boşuna getməyib. Ortaya oxunaqlığı, dəyərli, peşəkarlıq baxımından yüksək qiymətə layiq əsər qoymusan. Uğurların bol olsun, istedadın tükənməsin, inşəallah!

Rəsul MİRHƏŞİMLİ

Verified by MonsterInsights