ELAZ.İNFO xəbər verir ki, Masallının tanınmış ziyalısı, uzun illər ictimai və maarifçi fəaliyyətlə məşğul olmuş Qardaş Fətullayev dünyasını dəyişib.
Qardaş müəllim mənim üçün yalnız keçmiş vəzifələri ilə deyil, hər şeydən əvvəl düşünən, ölçüb-biçən, sözə məsuliyyətlə yanaşan bir insan kimi yadda qalıb. O, yaşadığı dövrün hadisələrinə biganə qalmayan, ictimai-siyasi məsələlərdə mövqeyini açıq, lakin həmişə təmkinlə ifadə edən ziyalılardandı. Zamanın sınaqlarından keçmiş, həyatın müxtəlif mərhələlərində həm aktiv fəaliyyət göstərmiş, həm də son illərdə daha çox müşahidəçi-müdrik mövqedə dayanmağı bacarmışdı.Onun fikirlərində tələskənlik yox idi.Sözlərində emosiyadan çox təcrübə,mövqeyində sərtlikdən çox məsuliyyət hiss olunurdu.
Uzun bir ömür yolu, zəngin həyat təcrübəsi və arxada qalan hörmətli ad — bu, Qardaş müəllimin əsas mirasıdır.
Mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə başsağlığı verir, səbr diləyirəm.
Allah rəhmət eləsin.
Ruhu şad olsun!
Əliməmməd NURİYEV
Konstitusiya Araşdırmalar Fondunun sədri