Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəniyyəti haqqında ciddi elmi araşdırma kitabları niyə yazılmır?

Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəniyyəti haqqında ciddi elmi araşdırma kitabları niyə yazılmır? Bu adla dövlətdən oğurlanan vəsaitlər hara xərclənir?! Bu işdə məsuliyyət daşıyan dövlət qurumlarının korrupsiya əməllərinə niyə göz yumulur?!

Son zamanlar Şərqi Zəngəzurun qədim tarixi, mədəniyyəti, eləcə də Alban xristian abidələri, toponimləri ilə bağlı müxtəlif dövlət qurumlarının maliyyə dəstəyi və ya hansısa vəsait hesabına müxtəlif kitablar, jurnallar nəşr edilib və edilməkdədir. Əslində bunların əksəriyyəti hansısa bir ciddi elmi tədqiqatın yox, keçmiş sovet və müasir erməni müəlliflərinin əsərlərinin plagiat versiyasından başqa bir şey deyil. Bu mövzuda yazan və ya yazmaq fikrinə düşən şəxslərə məsləhətim odur ki, şeir, hekayə, roman, povest, hətta epopeya yazın, amma Qarabağın və Zəngəzurun gerçək tarixini saxtalaşdırmayın. Yəni bu barədə ciddi və yerində araşdırma aparmırsınızsa ağzınıza gələni, yuxuda gördüyünüzü yazmayın. Ən acınacaqlı hal isə odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Elm Fondu, “Qarabağ haqqında 1 milyon manatlıq kitab yazmaq üçün layihə hazırlayan fond” kimi bir çox qurumlar heç bir ciddi təhlil aparmadan dövlətin maliyyə vəsaitini belə anti-Azərbaycan təbliğatına xidmət edən kağız kütləsinə sərf etməklə büdcəyə küllü miqdarda ziyan vurmaqla məşğuldur. Hansısa şəxsi münasibətlər zəminində “layihə alveri” baş alıb gedir!!! Bu qurumların yarıtmaz fəaliyyəti nəticəsində 5 ildir işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun real tarixini, mədəniyyətini əks etdirən heç bir ciddi araşdırma əsəri və ya ensiklopedik kitab yazılmadı. Bu cür savadsızları, işbazları, korrupsionerləri başa düşdük ki, həyat tərzləri və səviyyələri budur.

Bəs özlərini dövlətin “beyin mərkəzi” hesab edən şəxslər hara baxır?! Yaxşı olar ki, bu cür yalan-palan maklatura çapının qarşısı alınsın. Bunlar Azərbaycana qarşı anti-təbliğat vasitələrindən başqa bir şey deyil. Şərqi Zəngəzurda doğulmuş və əslən oradan olan şəxslər öz kəndlərinin, el-obalarının adlarını bu cür kitablarda saxtalaşdırılmış formada görəndə, qədim abidələrinin saxta tarixlə yazıldığını, görəndə məyus olurlar.

Ramin ƏLİZADƏ

Bizimlə oxuyun
Verified by MonsterInsights