“İdman böyük diplomatiyadır” kitabımı Sambo Federasiyasının 10 illiyinə,(1992-2002) müstəqilliyimizi bərpa etdikdən sonra samboda əldə etdiyimiz böyük nəticələrə həsr etmişdim. Beynəlxalq arenada dövlətimizin tanınması, milli mədəniyyətimizin təbliği baxımdan idmanı ciddi vasitə hesab edərək, kitabın adını bu cür qoymuşdum. Sambo zirvələr fəth etdi, düşmənlərin dövlətimiz və millətimiz haqda yaratdıqları mənfi obrazı dağıda bildi və idman tariximizdə ilk dəfə olaraq 1997-ci ilin may ayının 2-6-sı arası Bakıda Avropa çempionatı keçirməyə nail olduq və 23 Avropa dövlətinin iştirak etdiyi çempionatda Avropa çempionu olduq.
“Qarabağ” komandamız Avropa ailəsində nəticələri ilə millətimizə və dövlətimizə başucalığı gətirməkdədirlər. Qurban Qurbanov şəxsiyyətdir, fədakardır, milli və dövlət adına qəhrəmanlıq edir, bizim mənəvi və fiziki gücümüzlə Avropa ailəsini təəccübləndirir və sevdirir. Stilimiz oxşardır. Hələ 2014-də Qurban bəyi “Türklüyə Xidmət” ödülü ilə təltif etməyimiz də halal haqqıydı. Yanılmadıq! Bu gün isə çox mənəm deyən klubları arxada qoya bildik və onun qürurunu yaşamaqdayıq.
Mövzunu niyə gündəmə daşıdım? Dövlət idarəetməmiz də çox qüsurludur. Bizdən olmayanlarla, dilimizə, əxlaqımıza, mənəvi dünyamıza yad olan, rüşvətlərə bulaşmış, məddahlığa alışmışlarla güclü, öyülə bilən idarəetmə sistemi qura bilmərik, Avropa üçün, yeni dünya üçün örnək yarada bilmərik. Cəsarətim çatır ki, deyim:- millətin Qurbanları, Zəlimxanları çoxdur. Onlardan, Sambo tarixi və “Qarabağ”tarixindən dərs almaq, milli ruhun idarəetməyə buxovlarını qırmaq gərəkir. Onda nəinki Avropada, dünyada örnək millətə və dövlətə çevrilə bilərik.
Zəlimxan MƏMMƏDLİ