Qanunsuz alver, yoxsa qaçırılan milyonlar?

Azərbaycanda magistral yolların kənarında pərakəndə satış çox vaxt “küçə alveri” hesab edilərək qadağan olunur. Lakin bu qadağa problemi həll etmir, sadəcə iqtisadi fürsəti gizlədir. Bu sahəni qanuni müstəviyə köçürməklə Azərbaycanın turizm və məşğulluq xəritəsini necə dəyişmək olar?

ELAZ.İNFO xəbər verir ki,

Hacıqabuldan Qazağa, Bakıdan Astaraya qədər uzanan yolların kənarında onlarla yerli məhsul satılır. Amma bu satışın forması nə fermerə böyük pul qazandırır, nə də alıcıda güvən yaradır. Məsələn, Göyçayda yol kənarında açıq havada, tozun içində satılan nar və ya nar şirəsi, müasir paketləmə və gigiyenik sertifikatla təqdim olunsa, qiyməti 3-4 dəfə arta bilər eləcə də digər məhsullar.Yol kənarında, birbaşa asfaltın üzərində satılan məhsullar həm görüntü çirkinliyi yaradır, həm də qanunla qadağandır. Lakin həmin satıcılara rayon girişlərində vahid dizaynlı, milli ornamentli “Kiçik Satış Köşkləri” (Smart-pavilyonlar) təqdim olunsa, mənzərə tamamilə dəyişər.Avropa ölkələrində və qonşu Gürcüstanda yol kənarı ticarət xüsusi lisenziyalı və estetik nöqtələrdə icra olunur ki, bu da turisti qaçırmır, əksinə cəlb edir.Yol kənarı sadəcə alver yeri deyil, həm də xarici turistlərin ölkə ilə ilk təmasıdır. Vedrələrdə satılan meyvəni “Bölgənin dadı” etiketi ilə, kiçik və səliqəli paketlərdə təqdim etmək, yanına isə həmin kəndin tarixi haqqında kiçik məlumat lövhəsi qoymaq – bu, artıq sadəcə alver deyil, mədəniyyət təbliğatıdır.

Müasir turist artıq beşulduzlu hotelin restoranından sıxılıb. O, “yol kənarındakı kəndlinin təndir çörəyini” axtarır. Əgər yol kənarı ticarəti qanuni və gigiyenik standartlara gətirilsə, biz magistral yollarımızda “Qastronomik Turizm Marşrutları” yarada bilərik. Bu, həm Bakıdan bölgələrə pul axınını sürətləndirər, həm də “rayonlarda iş yoxdur” mifini qırar.

Redaksiyadan:

“Biz küçə alverini müdafiə etmirik, biz küçə alverinin sivil və gəlirli bir sektora – ‘Yol kənarı iqtisadiyyatı’na çevrilməsini təklif edirik. Qadağa qoymaq ən asan yoldur, çətin və xeyirli olanı isə bu potensialı ölkə turizminin xidmətinə verməkdir.”

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights