Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri mədəniyyətimizə böyük töhfələr vermiş bir çox tarixi şəxsiyyətlərin vətəni olmuşdur. Onların arasında türk dünyası üçün çox böyük mücadilələr vermiş tanınmış mütəfəkkir, siyasətçi, jurnalist, pedaqoq Əməd bəy Ağaoğlunu xüsusilə qeyd etmək lazımdır. Əhməd Ağaoğlu (1869-1939) XX-ci əsrdə türk dünyasının yetişdirdiyi ən böyük mütəfəkkirlərdən biridir. Əhməd Ağaoğlu həm Şərq dəyərlərin, həm də Qərb dəyərlərini mənimsəmiş, ensiklopedik bilklərə sahib türk dünyasının böyük ziyalılarından biri olaraq daima Azərbaycan və Türkiyə uğrunda siyasi mücadilələr vermişdir. Onun intellektual ziyalı kimi yetişməsində Fransada təhsil aldığı illərin (1888-1893) də böyük təsiri olmuşdur. O Fransada Collece De Francda sosyal elmlər, Sarbonna Universitetində hüquq təhsili almışdır. Universitet həyatından vəfat edənə qədər yazdığı məqalələrdə Şərqin və İslam dünyasının oyanışı, türkçülük, müasirlik, demokratiya anlayışlarnı izah edən Ağaoğlu bütün ömrünü bu yola həsr etmişdir. Ağaoğlu azərbaycanlılar arasındakı məzhəb fərqliliklərinə də qarşı mübarizə aparırdı, din adamları və qadın haqlarıyla bağlı kitablar yazmışdı.
Qadın azadlığı ideyalarını yayan Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çalışan ilk ziyalılardan idi.
1901-ci ildə çapdan çıxan “İslam dünyasında qadın” adlı kitabında “Azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları 17 il sonra reallığa çevrilir. 1918-ci ildə Şərqdə qurulmuş ilk demokratik cumhuriyyət – Azərbaycan Demokratik Cumhuriyyətində o dövr nəinki Şərqin, hətta Qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə baş verir – Azərbaycan qadınları seçkilərdə səsvermə hüququ qazanır. Bununla da Əhməd bəyin ideyaları gerçəkləşir.
Parisdə təhsil aldığı illər Ağaoğlunun həyatında ciddi dəyişikliklər etdi. Gənc türklər cərəyanı olaraq bilinən İttihad və Tərəqqi cəmiyyəti ilə də əlaqələrini Parisdə olarkən yaratmışdır, və bu Ağaoğlunun dünyagörüşünə, siyasi, milli-mənəvi baxışlarına çox ciddi təsir etmişdir. İkinci məşrutiyətin elanından sonra İstanbula gəlib, Türk ocağını və türk yurdunu yaradanların arasında yer alaraq Yusuf Akçura, Ziya Gökalp kimi insanlarla birlikdə türkçülük axınının öndərləri sırasına daxil olmuşdur. O türk dünyasında özünün konsepsiyasına malik fikir adamlarından biri olaraq, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasında çox böyük xidmətlər göstərmişdir. Onun Parisdəki təhsili və Maltadakı sürgündə olan illərini çıxmaq şərti ilə, 70 illik ömrünün yarısı Azərbaycanda, digər yarısı da Türkiyədə, əvvəl Osmanlı dövlətində, sonra Cumhuriyyət Türkiyəsində keçrmişdir. Əhməd Ağaoğlu Parisdə, Avropada təhsil alan ilk Azərbaycanlı olduğu kimi, yeganə şəxsiyyətdir ki, hər iki dövlətin Türkiyə və Azərbaycanın millət vəkilləri olmuşdur. Açıqcası, Ağaoğlunun millət və dövlət üçün fəaliyyətləri sadalanmaqla bitməz.
Əhməd bəy Ağaoğlu 1894-cü ildə Tiflis, sonra isə 1896-cı ildə Şuşa gimnaziyasında fransiz dilindən dərs deyərək el arasında “Firəng Əhməd” ləqəbini alır. Əhməd bəy Şuşada ilk dəfə qiraətxana-kitabxana açır. O, H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəbdə fransız dili müəllimi işləməklə yanaşı ”Kaspi” qəzetinin baş redaktoru olur. Həmçinin, Əli bəy Hüseynzadə ilə “Həyat” qəzetinə redaktorluq edir.
Əhməd bəy Ağaoğlu 1905-ci ildə Həyat qəzetinin, 1906-cı ildə İrşad qəzetinin nəşrinə rəhbərlik etmişdir. Eyni zamanda türk millətini düşmənlərdən qorumaq üçün 1905-ci ildə Difai təşkilatını yaratmışdır.
1909-cu ildə Çar Rusiyasının təqiblərindən dolayı İstanbula gedir, orada maarif müfəttişliyinə, sonra Süleymaniyyə kitabxanası müdiri vəzifəsinə təyin edilir. Sonra Ağaoğlu İstanbul Darülfünunda rus dili və türk monqol tarixi dərslərini verir.
1911-1912-ci illərdə türk yurdu və türk ocağı cəmiyyətlərini yaratdı, 1914-cü ildən Afyonkarahisardan millət vəkili seçildi. Əhməd Ağaoğlu “Hakimiyyəti milliyyət” deyilən qəzetə rəhbərlik edir. Sonra Ağaoğlu Qarsdan millət vəkili seçilir. Siyaəstlə yanaşı pedaqoji fəaliyyətini də davam etdirdi. Ankara Hüquq məktəbində konstutusya dərsləri verdi.
Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edincə Bakını erməni və bolşevik birləşmələrindən qurtarmaq üçün Anadoludan yola çıxan Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri olaraq vətəninə qayıtdı, sonra Azərbaycan parlamentinə millət vəkili seçildi.
Ağaoğlu 21 May 1925-ci ildə Anadolu mətbuat xidmətinin ilk rəhbəri seçilmişdi. Hüquq məzunu olan Əhməd Ağaoğlu bu sahədə də Atatürkün ən çox güvəndiyi müşavirlərdən biri olmuşdur. Cumhuriyyətin elanından sonra 1924-cü ildə Konstututsiyanın hazırlanmasında Əhməd Ağaoğlu böyük rol oynamışdır.
1930-cu ildə Atatürkün təklifi ilə sərbəst Cumhuriyyət Firqəsinin sıralarına daxil oldu, daha sonra bu partiya bağlanınca siyasətdən uzaqlaşdı ve İstanbula daşınaraq Darülfünunda hüquq tarixi professoru oldu. Pensiyaya çıxdıqdan sonra çeşidli qəzetlərdə yazılar yazan Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat etdi.
Zülfiyyə NOVRUZOVA
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
“İslam Fəlsəfəsi” şöbəsinin dissertantı