“Qaçqınçılığımız barədə 30 il danışdınız, Qayıdışımıza dil uzatmayın”

Məlum məsələ ilə bağlı vətəndaş mövqeyimdən fikir bildirməyi özümə borc hesab edirəm. O xanımın adını çəkməyəcəm, çünki, mən onu jurnalist hesab etmirəm. Jurnalistikanın etikası, çərçivəsi mövcuddur və bunun diplomla əlaqəsi yoxdur. Təəssüf ki, məlum xanım bu normalara əməl etmədən, bir nəfərin yanlışına görə 1 milyon məcburi köçkünün ünvanına həqiqətə sığmayan ifadələr işlədir. Bizim ailə Laçına köçüb və 2 ildən çoxdur ki, qayıdışı bütün paylaşımlarımda ən gözəl şəkildə təbliğ edirəm.
Bəzən olub ki, ağlayan uşağa “ağlama, qaçqın səni yeyər” deyilməsini, bəzən “qorxudan qaçıb gəlmisiniz” ifadəsini eşitmişik, hətta dövlətimizin tətbiq etdiyi güzəştlərə görə bəzən “bəxtəvərçilik” verənləri də görmüşük, amma bizlər bu dayaz düşüncələri əsla bütün ictimaiyyətin fikri kimi qəbul etməmişik. İndi keçmiş məcburi köçkünlərə qarşı aparılan bu qarayaxmanı şiddətlə qınayır və təəssüf edirəm.

Bugün Bakıda müxtəlif regionlardan insanlar yaşayır, elə o sözləri danışanların özləri fərqli regionlardandır. Bəziləri elə bilir ki, elə köçkünlər qayıtsa Bakıda ancaq bakılılar qalacaq. Yəni, sadə məntiq yürüdə bilməyən bir neçə nəfərin əlində qalmışıq.

Əlbəttə ki, qayıdış prosesi mərhələ ilədir. Əlbəttə ki, hamı da evinə-eşiyinə qayıdacaq. Bugün hələ minadan təmizlənməyən, köç olmayan, ayaq dəyməyən ərazilər var. Köçkünlüyümüzə lağ edənlər oldu, uşaqlığımız onsuz da travma ilə doludur.

Xahiş edirik, qayıdışımıza dil uzatmayın. Mütləq nəsə demək istəyirsinizsə, bir dəfə gedib yataqxanalarda əziyyət çəkən insanlara baxın.

Şəbnəm UĞURLU

Bizimlə oxuyun
Verified by MonsterInsights