Tədqiqatçıların bir çoxu Kəsəmən kəndinin Qazax tayfa birləşməsinin Kəsəmən tayfasından olduğunu göstərir. Bəzi tədqiqatçılar isə Kəsəmən adının qədim türk dilində “qabaqda gedən qoç” mənasında olduğunu göstərir. Bir digər mənbələrə görə kəndin adı XIV əsrdə Osmanlıların Anadoluda varlığına son qoyduğu Karaman bəyliyini təşkil edən tayfalardan birinin adı olub. Osmanlıya tabe olmaq istəməyən Kəsəmən tayfası, ayrı-ayrı vaxtlarda müxtəlif ərazilərə köç edərək, XVI əsrdən bu yana Kür çayının sol sahilindəki bu ərazidə məskunlaşır. Osmanlı sərhədinə yaxın olduğu üçün Səfəvi hakimiyyəti müdafiə məntəqəsi kimi kəndi böyüdür. Nəticədə Qıraq Kəsəmən dövrünün ən böyük kəndlərindən birinə çevrilir.
Kəndin ərazisində Erkən Tunc dövrünə aid yaşayış məskənləri, bir neçə qədim yaşayış yeri aşkarlanıb, eləcə də XVII əsrə aid Qala qülləsi, XIX əsrə aid türbələr, qədim məscidlər və xeyriyyəçi İsrafil Ağanın evi mövcuddur.
Kənddə 2269 nəfər əhali yaşayır ki, onların da 553-ü gənclərdir.
Xalq şairləri Nəriman Həsənzadə və Hüseyn Arif, şair Nüsrət Kəsəmənli, Xalq Qəhrəmanı Qaçaq Kərəm, xeyriyyəçi İsrafil Ağa Kərbəlayev məhz bu kəndin məşhur şəxsiyyətlərindəndir.
Aydan