Qəzənfər Məsim oğlu: -“Əyri zəmanəyə ağlayır elə”

Qurbanov Qəzənfər Məsim oğlu 1963-­cü ildə Gürcüstan Respublika­sı­nın Dmanisi ra­yo­nunun Əngirəvan kən­dində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu Əngirə­van kən­dində, 8-illik təhsilini Səfərli kənd orta mək­təbində, orta təhsilini Bakı şəhər 1saylı Fizika-Riyaziyyat təma­yül­lü internat tipli mək­­təbdə alıb.

1981-86-cı illərdə Azər­­baycan İn­şaat Mühən­dis­ləri İnstitutunu biti­rib. İxtisasca mühəndis-mexa­nik­dir.

2015-ci ildən AYB-nin üzvüdür. “Kimin yoxsa məhəbbəti”, “Ən­gi­rəvan kəndinin şəcərələri”, “Mən gözəllik aşiqiyəm”, “Açıl, sa­ba­hım, açıl”, “Sev­gisiz ömür olmur”, “Sinəmdə bir ocaq yanır”, “Şu­şa sevincim” adlı şeirlər ki­tab­larının müəllifidir.  Prezident təqaüd­çü­südür.

BİR ŞEİR YAZMIŞAM

Bir şeir yazmışam, cırıb atacam,

Mələklər oxuyub bildisə yetər.

Bu gecə yuxuma qatıb yatacam,

Yastığım gözümü sildisə yetər.

Bir şeir yazmışam, bilən olmasın,

Yerlərə, göylərə açılmaz sirdi.

Qönçə misraları heç vaxt solmasın,

Hər sözü qəlbimlə, canımla birdi.

Bir şeir yazmışam, çağlayır elə,

Qaynayan çeşmədi, axan bulaqdı.

Əyri zəmanəyə ağlayır elə,

Halaldı, doğrudu, düzgündü, haqqdı.

Bir şeir yazmışam, qaralı ağlı,

Pozub düzəltdiyim səhvlərim olub.

Pəncərəsi bağlı, qapısı bağlı,

Tanrı dərgahından ruhuma dolub.

Bir şeir yazmışam, sabaha çatan,

Zülmət qaranlığa qılınc çalacaq.

Qələmdə oyanan, vərəqdə yatan

Arzu, istəyimi nişan alacaq.

OXUCUM VƏ MƏN

Oxucum -şeirimə qiymət verənim,

Məni məndən yaxşı bilib görənim,

Oxucum -gülşəndə çiçək dərənim,

Şükürlər edirəm Yaradanıma.

Dağın zirvəsində duman, çən varam,

Torpaqda cücərib bitən dən varam.

Oxucum varsa da, demək mən varam,

Şükürlər edirəm Yaradanıma.

Sevgi məhəbbəti canında duyan,

Eşqin bulağından süzülən suyam.

Bax bu sözlərimdi, özüm də buyam,

Şükürlər edirəm Yaradanıma.

S A X L A S I N

Bir arzum var arzulardan yuxarı,

Allah səni pənahında saxlasın.

Kəsilməsin duaların axarı,

Sabahların sabahında saxlasın.

Qoy açılsın bir-birindən tər günün,

Varın olsun gövhər günün, zər günün,

Sevincindən qanad açsın hər günün,

Nə “of”unda, nə “ah”ında saxlasın.

Ay Qəzənfər, ülvilikdi binasız,

Halallıqdı sərkərdəsiz, cinahsız.

Tək Özüdü qəbahətsiz, günahsız,

Günahsızın günahında saxlasın.

Bizimlə oxuyun
Verified by MonsterInsights