Srağa gün paytaxtı İsrail tərəfindən qəfil bombardmana məruz qalan Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin (XİN) İsrailin baş naziri Binyamin Netanyahunun Qətərə “Ya HƏMAS liderlərini ölkədən qovun, ya da biz gərəyini edərik”, – deyə növbəti zərbə xəbərdarlığına cavab bəyanatı həm Qətərin guya HƏMAS nümayəndə heyətinə gizli şəkildə sığınacaq verməsini iddia edən Netanyahunun özünü ifşa edir, həm də “HƏMAS-ın Qətərdə nə işi var?”, “Niyə Qətər imkan verir ki, HƏMAS-ın orada qərargahı olsun?” tipli suallarla Qətərin özünü günahkar çıxarmağa çalışanlara kifayət qədər tutarlı cavabdır.
Həmçinin, “The Washington Post” qəzetinin İsrail kəşfiyyat orqanı “Mossad”ın Ağ Ev ilə birlikdə Qətərə, Dohada HƏMAS liderlərinə qarşı heç bir zərbə və ya hücum olmayacağına dair vəd verdiyi barədə 9 sentyabrda yaydığı məlumat da əsl gerçəkləri üzə çıxarır.
Proseslərin tarixçəsindən bilgisiz, məlumatsız olan insanlar elə zənn edirlər ki, guya Qətər terrorizmi dəstəkləyən dövlətdir və bu səbəbdən də HƏMAS-a öz ərazisində məskunlaşmaq imkanı verib.
Lakin əsl həqiqətdə isə, HƏMAS-ın Dohada ofisinin yerləşdirilməsi ABŞ və İsrailin öz istəyi ilə baş verib.
Qətər XİN-in bəyanatında da bu həqiqət açıq şəkildə bəyan edilib:
“Netanyahu unudur ki, HƏMAS-ın Dohada ofisinin yerləşdirilməsi ABŞ və İsrailin tələbi ilə həyata keçirilən vasitəçilik səylərinin bir hissəsidir. Netanyahunun indi Qətərin HƏMAS nümayəndə heyətinə gizli şəkildə sığınacaq verməsini iddia etməsi dünyada qınanan cinayətlərini qanuniləşdirmək cəhdindən başqa bir şey deyil”.
Qətər XİN-in bəyanatında o da vurğulanıb ki, Netanyahu Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən axtarışa verilmiş, getdikcə artan sanksiyalarla üzləşən və təcrid vəziyətində yaşayan bir baş nazir olduğu halda, həqiqətləri təhrif etməyə çalışır.
Netanyahunun həm İsrail cəmiyyətini, həm də dünya ictimaiyyətini aldatmağa çalışması göz qabağındadır. Çünki Qətər HƏMAS-ın üzvlərinə sığınacaq vermək qərarını özbaşına qəbul etməyib. Onlar Qətərdə məhz İsrail hökuməti ilə razılaşma əsasında yerləşmişdilər.
Qətər həm 7 oktyabr girovları ilə, həm də Qəzzadakı vəziyətlə bağlı dördtərəfli (ABŞ-İsraill-HƏMAS-Qətər) danışıqlar prosesində vasitəçi, moderator rolunu yerinə yetirirdi. Və insafən, Qətər bu rolu çox yaxşı, səmərəli şəkildə yerinə yetirirdi. Girovların bir hissəsinin azad edilməsi də məhz Qətərin xüsusi səyləri nəticəsində mümkün olmuşdu.
Lakin getdikcə tamamilə nəzarətdən çıxan və bütün “qırmızı xətt”ləri keçən Netanyahu Qətərin uğurlu vasitəçilik səylərinə görə bu ölkənin rəhbərliyinə minnətdarlıq etmək əvəzinə, “HƏMAS-ı cəzalandırmaq” adıyla gözlənilməz şəkildə qəfildən Qətərin paytaxtını bombaladı.
Netanyahunun bu ağlasığmaz hərəkəti İsrailin özündə də siyasi dairələr və media tərəfindən ciddi tənqidlə qarşılanıb. Çünki Dohanın qəfil və xəbərdarlıqsız bombalanması həm regionda və dünyada təhlükəsizlik və sabitlik üçün ciddi təhdidlər yaratdı, həm də İsrailin etibarlı və dürüst beynəlxalq tərəfdaş roluna ağır zərbə vurdu. Çılğın Netanyahu öz şəxsi siyasi ambisiyalarından ötrü İsrail dövlətinin maraqlarını və saysız-hesabsız dinc insanların taleyini qurban verir.
Qətər isə heç şübhəsiz ki, bundan sonra vasitəçilik məsələlərində artıq əvvəlki kimi fədakarlıq etməyəcək, xüsusi fəallıq göstərməyəcək. Çünki onun əməyi qiymətləndirilmədi. Hərçənd ki, Tramp İsrailin hücumundan sonra Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə müraciət edərək, həm İsrailin Qətər ərazisinə endirdiyi zərbələri qətiyyətlə pisləyib, həm də Qətərin münaqişənin müxtəlif tərəfləri arasında vasitəçilik səylərini yüksək qiymətləndirib və əmiri Qəzza zolağında silahlı münaqişənin həllində vasitəçilik səylərini davam etdirməyə, atəşkəs üzrə danışıqlarda axıra qədər iştirak etməyə çağırıb.
Qətərin əmiri Şeyx Təmim bin Həməd Al Tani indi tamamilə haqlı olaraq düşünür ki, qarşılıqlı razılaşmalara əməl etməyən Binyamin Netanyahu kimi dayanıqsız bir liderlə danışıqları davam etdirməyə, vasitəçilik etməyə dəyərmi?
Çünki inam itib, etibar zədələnib.
Ona görə də Qətərin vasitəçiliyi davam etdirib-etdirməyəcəyi hələlik dəqiq məlum deyil.
Bu məsələyə yəqin ki, sentyabrın 14-15-də keçiriləcək Ərəb və İslam ölkələrinin fövqəladə sammitindən sonra aydınlıq gətiriləcək. Sammit İsrailin Dohaya zərbə endirməsi ilə bağlı çağrılıb.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi