Qətərə hücum edilməsi o deməkdir ki, Netanyahu sülh istəmir…

HƏMAS terrorçu təşkilatdırmı?

Əlbəttə, terrorçu təşkilatdır.

İsrailin HƏMAS-ın rəhbər şəxslərini fiziki cəhətdən məhv etmək, sıradan çıxarmaq hüququ varmı?

Bəli, İsrailin belə bir hüququ vardı. Çünki 7 oktyabda HƏMAS dinc yəhudilərə qarşı açıq, şiddətli terrora yol vermişdi.

Lakin Netanyahu bu terrorun qisasını çıxmaq məqsədilə Qəzzada beşqat artıq qətliam törədib.

Ona görə də bu gün Netanyahunun əmri ilə İsrail ordusunun HƏMAS-ın Dohadakı qərargahına hücumu, əslində, terrora qarşı mübarizə yox, Qətərin suverenliyinə birbaşa müdaxilədir.

Netanyahu hər nə qədər “Bu, HƏMAS-a cavab idi” deyib bu özbaşınalığına haqq qazandırmağa çalışsa da, lakin bu hərəkətin yalnız bir adı var: Dərəbəylik.

Netanyahunun xəstə “məntiq”indən belə çıxır ki, İsrail “HƏMAS-a cavab” adı altında istənilən müsəlman ölkəsinə soxulub öz istədiyini edə bilər, haranı gəldi bombalaya bilər.

Bu, beynəlxalq hüquqa tüpürmək deməkdir. Ona görə də BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı qərargahına hücumunu haqlı olaraq pislədi.

“Mən Qətərin suverenliyi və ərazi bütövlüyünün belə kobud şəkildə pozulmasını pisləyirəm”, – deyə Quterreş bildirib.

Netanyahunun Qətərin paytaxtına hücum əmri verməsi həqiqətən də ağılsızlıq, korazehinlikdir. Çünki Qətər terrora dəstək verən ölkə yox, atəşkəs üçün ciddi iş aparan və bütün israilli girovların azad edilməsi üçün maksimum səy göstərən, bu prosesdə çox müsbət rol oynayan bir ölkə idi.

Bəs, Qətər rəhbərliyinin bu gün İsrailin Dohada Fələstinin HƏMAS siyasi bürosunun üzvlərinə zərbə endirməsinə ilkin cavab addımı nə oldu?

Bu ölkə tamamilə haqlı olaraq Qəzza zolağında münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini dayandırmaqla bağlı qərar qəbul etdi.

Çünki İsrailin sülh və sabitlik üçün çalışan bir ölkənin paytaxtına bu cür cinayətkar hücum etməsi bütün beynəlxalq qanunların və normaların kobud şəkildə pozulmasıdır. Bu hücum Qətər vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinə ciddi təhdid yaratdı. İsrailin bu təhlükəli davranışına və onun regional təhlükəsizliyə davamlı müdaxiləsinə cavab olaraq Qətərin danışıqlar prosesindən çıxması anlaşılandır.

Gözünü yumub hara gəldi müdaxilə edən, gah Suriyaya, gah da Livana zərbələr endirən, indi də Qətərin paytaxtını vuran Netanyahu kimi azğın bir adamla Fələstin rəhbərliyi arasında, HƏMAS arasında danışıqlar aparmaq, vasitəçilik etmək tamamilə mənasızdır.

Qətər rəhbərliyi bu gün tam olaraq başa düşdü ki, Netanyahu sülh istəmir. Çünki atəşkəs və sülh Netanyahunun hakimiyyətinin sonu deməkdir. Srağa gün İsrailin özündə Netanyahunun yanlış siyasətinə qarşı keçirilən mitinqdə səsləndirilən şüarlar da bu adamın sülhə nifrət etdiyini göstərir. Netanyahu “müharibə aşiqi”, “şər dahisi” kimi tarixə düşəcək.

P.S.Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də artıq Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirərək, dərin narahatlığını ifadə edib.

Nzirliyin X hesabında paylaşılan məlumatda deyilir:

“Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq”.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights