ELAZ.İNFO, BAKI, 02.05.2025.
Elaz.info xəbər verir ki, 1 may 2025-ci il tarixdə Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin təşkilatçılığı ilə Kimya-Biologiya təmayüllü Respublika liseyində “Qərbi Azərbaycanın qədim adət-ənənələri, toponimləri, tarixi və coğrafiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin açılışında Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov çıxış edərək Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını iştirakçılara çatdırıb. O, Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin gənc nəslə öyrədilməsinin əhəmiyyətini və bu cür tədbirlərin şagirdlərə öz kökələrini tanımağa və milli irsə dəyər verməyə kömək edəcəyini qeyd edib.
Liseyin direktoru Elnur Nəbiyev çıxışında bu cür tədbirlərin məktəblilərdə tarixə maraq yaratdığını, milli dəyərlərimizi qorumağın vacibliyini daha yaxşı anlamağa kömək etdiyini qeyd edib.
Daha sonra çıxış edən ziyalılar – dosent Fəxrəddin Əliyev, Mediasiya Şurasının Komissiya sədri Aqil Əsgərov, tarixçi Nazim Qasımov, müəllim və publisist Yəhya Səfərov, mədəniyyət üzrə tədqiqatçı Aydın Tağıyev – Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə şagirdlərə maraqlı məlumatlar veriblər.
Tədbirdə “Qərbi Azərbaycana Qayıdış” olimpiadasında iştirak edən məktəblilərə uğurlar arzulanıb. Eyni zamanda, şagirdlərin Qərbi Azərbaycanla bağlı sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirə aparılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.
Xaqani SƏFƏROV