ELAZ.İNFO xəbər verir ki, Qusar rayonunda “Qərbi Azərbaycan: tarix, reallıqlar və yeni çağırışlar” mövzusunda elmi-praktik konfrans keçirilib.
18 sentyabr tarixində təşkil olunan konfrans Qusar Rayon İcra Hakimiyyəti və qeyri-hökumət təşkilatlarının – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi və “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Konfransın əsas məqsədi Qərbi Azərbaycanın tarixi gerçəkliklərini, bugünkü reallıqlarını və qarşıda duran çağırışları müzakirə etmək, bu istiqamətdə elmi, ictimai və mədəni baxışların təqdim olunmasına şərait yaratmaq olub.
İlk öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Qusar rayonunda yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfransda tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, UNEC Dizayn kafedrasının baş müəllimi Əli İsmayıl, AZTV-nin əməkdaşı Ətirə İsrafilqızı, Qərbi Azərbaycan üzrə araşdırmaçı Əli Vəliyev və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda Qərbi Azərbaycanın qədim tarixi kökləri, zəngin ədəbi və mədəni irsi, eləcə də milli mətbəxin qorunması və təbliği kimi mövzular xüsusi vurğulanıb. Alimlər və ekspertlər qeyd ediblər ki, Qərbi Azərbaycan yalnız keçmişimizin deyil, həm də gələcək milli inkişafımızın ayrılmaz hissəsidir.
Tədbirin II hissəsində konfrans iştirakçıları Qərbi Azərbaycanın tarixi-mədəni irsini, təhsili həyatını və digər istiqamətləri əhatə edən sərgi ilə tanış olublar.
Tahir ƏMİRASLANOV