Qərb Türkiyəni dinləyir

ELAZ.İNFO xəbər verir ki, Almaniyanın populyar jurnallarından biri olan “Focus”da Almaniya kəşfiyyat agentliyi BND-nin 1976-cı ildən Türkiyədə telefon danışıqlarını dinlədiyini iddia edən bir məqalə dərc edilib.

Başqa bir Almaniya qəzeti yazır ki, Türkiyə İrandan nümunə götürərək, gizli nüvə proqramı həyata keçirir və nüvə silahı hazırlamağa çalışır. Bu məqsədlə 2010-cu ildə Ərdoğanın əmri ilə Türkiyədə uran zənginləşdirmə zavodu yaradılıb. Türkiyə zəruri texniki məlumatları Pakistandan alır. BND bu fəaliyyətləri araşdırır.

BND haqqında kitablar yazmış ekspert Enbom (Erich Schmidt-Eenboom) bunları deyir:

“Alman kəşfiyyatı iki xətt üzrə fəaliyyət göstərir: bir tərəfdən beynəlxalq terrorizmlə mübarizə aparır, digər tərəfdən isə Türkiyədən Suriyaya yaraqlıların keçməsi ilə bağlı Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq edir. BND Suriya proksi-müharibəsində yaraqlılardan istifadə etməklə iştirak edir.”

Bununla belə ABŞ Almaniyanın Türkiyə liderlərinin telefon danışıqlarını dinlədiyini bildirəndə Almaniya da cavab olaraq ABŞ-ı Türkiyə telefon danışıqlarını dinləməkdə günahlandırdı. Beləliklə həm ABŞ-ın, həm də Almaniyanın Türkiyə liderlərinin telefon danışıqlarını dinlədiyi məlum oldu.

Bu hadisələri şərh edən Almaniyanın “Der Spiegel” jurnalı Türkiyənin yalnız ABŞ tərəfindən deyil, həm də Britaniya tərəfindən dinlənildiyini sənədlər əsasında təsdiqlədi. “Der Spiegel” ABŞ və Britaniya tərəfindən telefonları dinlənilən Türkiyə liderlərinin adlarını çəkib:

-Rəcəb Tayyib Ərdoğan,

-bütün AKP liderləri.

“Der Spiegel” həmçinin dinləmələrin aparıldığı ünvanlardan birinin Vaşinqtondakı Türkiyə səfirliyi olduğunu bildirib. “Der Spiegel” Britaniyanın Türkiyədəki enerji sektoru ilə bağlı danışıqları xüsusi olaraq dinlədiyini açıqlayıb.

Bundan əlavə, “Der Spiegel” ABŞ-ın PKK-ya qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq etdiyini nümayiş etdirsə də, əslində, Türkiyə hökumətinin, MIT-in və Türkiyə Baş Qərargahının telefon danışıqlarını dinlədiyini bildirib. Nəşr həmçinin ABŞ-ın Türkiyə hökumət rəsmilərinin kompüterlərinə kibermüdaxilə edərək, onların elektron poçtlarını oxuduğunu və arxivləşdirdiyini, daha sonra isə bu məlumatları Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliya ilə paylaşdığını açıqlayıb.

Xatırladıram ki, “Focus” anqlosaksların nəzarətində olan Almaniya nəşridir (“Bild” və digər meynstrim nəşrlər kimi).

Göründüyü kimi, anqlosakslar və Almaniya arasında kəşfiyyat xidmətləri səviyyəsində (“Five Eyes” alyansı və BND) “müharibə” gedir. Müharibə ərazisi kimi isə Türkiyə seçilib.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights