ELAZ.İNFO xəbər verir ki, Rusiya ilə müharibəni davam etdirmək üçün Qərbin sursatı, Ukraynanın isə canlı qüvvəsi çatmır. Qərb nəyin bahasına olursa-olsun, atəşkəsə nail olmaq istəyir. Əks halda Ukraynanın qalan hissəsinə də nəzarətini tam itirəcəyindən qorxur.
Rusiya atəşkəsə razı deyil, o müharibənin yaranma səbəblərinin aradan qaldırılmasını tələb edir – bu isə ilk növbədə NATO-nun Rusiya sərhədlərindən geri çəkilməsidir.
Qərb Rusiyaya ultimatum verir, müxtəlif provokasiyalar edir, lakin Rusiya məqsədindən geri çəkilmir… Onda Qərb ultimatumunu təxirə salır, az sonra yeni ultimatum verir, sonra onu unudur… sonra daha bir ultimatum verir… Artıq hamı bilir ki, Qərbin ultimatumları Rusiyanın iradəsinə təsir göstərə bilməyəcək. Atəşkəsə nail olmaq üçün başqa yol tapılmalıdır. Əgər Rusiyanı məcbur edə bilmirlərsə, Ukraynanı məcbur etmək olar.
Qərb artıq Krımı və Ukraynanın daha 4 vilayətini Rusiyaya verməyə razıdır (Ukraynadan soruşan yoxdur), hətta onları de-yure Rusiya ərazisi kimi də tanıyar. Lakin Rusiya bununla kifayətlənməyə razı deyil, çünki artıq sübut olunub ki, Qərbin qol çəkdiyi sənədlər mənasız kağız parçalarıdır. Yalnız güclülər imzalanmış sənədlərin icra olunacağını təmin də bilərlər. Güclü olduğunu isə sübut etməlisən.
Qərb Ukraynanın Rusiyanın əksər şərtlərini qəbul etməsi üçün ilk növbədə Zelenskini vəzifəsindən kənarlaşdırmağı planlaşdırıb. Bu Tramp üçün daha aktual məsələdir. Çünki o, Zelenskini müstəmləkə şərtləri ilə resurs müqaviləsi bağlamağa məcbur edib və onun yeraltı və yerüstü sərvətlərinə faktiki olaraq sahib olub. Özündən müştəbeh Tramp bu müqaviləni bağlayanda deyirdi ki, bu müqavilə Ukraynaya təhlükəsizlik təminatı verir. çünki Rusiya ABŞ-a məxsus obyektləri bombalamaz, ABŞ-a məxsus ərazilərə hücum etməz. Rusiya isə öz işindədir. Cəbhədə Rusiya irəlilədikcə Ukrayna ərazi, Tramp potensial gəlirlərini itirir. Belə getsə, Trampın böyük əziyyətlə imzalatdığı və bəh-bəhlə ictimaiyyətə təqdim etdiyi resurs müqaviləsi mənasız kağız parçasına çevriləcək.
Zelenskini istefa verməyə məcbur etmək üçün ABŞ ona qarşı kompomat toplamağa başlayır. Bu iş NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) və SAP-a (Xüsusi Antikorrupsiya Prokurorluğu) tapşırılır. Bu orqanlar 2015-ci ildə ABŞ tərəfindən yaradılıb və Ukrayna prezidentinə tabe deyillər – bir növ müstəmləkə nəzarət orqanlarıdır.
Asif ŞƏFƏQQƏTOV
