ELAZ.İNFO xəbər verir ki, 2025-ci il iyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri bağlı ictimai hesabat xarakterli brifinq keçirib.
Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, artıq 3 ildir ki, “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir. Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib.
Brifinqdə məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. Toplantıda qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub.
Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.
Esmira RƏHİMOVA