Rusiya prezidenti dünyanın ən xəyalpərəst adamlarından biridir. Onun fantaziyaları həqiqətən də sərhədsiz, hüdudsuzdur.
Vladimir Putinin bugünlərdə Tacikistanın paytaxtı Düşənbədə çıxışında Azərbaycanla bağlı danışarkən “Azərbaycan demək olar ki, rusdilli ölkədir” kimi absurd və təxribatçı fikir səsləndirməsi də ilk növbədə Rusiya liderinin fantaziyalarının sərhədsizliyindən qaynaqlanır. O, öz xəyallarını gerçəklik kimi təqdim edir. Bu da psixosomatik pozuntulara gedib çıxır.
Adam gecə Kremldəki odasında yatır və yuxu görür, yuxusunda Azərbaycanın “demək olar ki, rusdilli ölkə” olduğunu “kəşf” edir, səhərisi günü durub Düşənbəyə uçur və orada bəyanat verir ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar.
Putinin həmin çıxışından sitat:
“Qeyd edim ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar. Bu da ölkənin Rusiya ilə əlaqələrin inkişafına prinsipal səviyyədə sadiq olduğunu göstərir. Azərbaycan demək olar ki, rusdilli ölkədir”.
Bəs, Kremldəki qocanın bu cür ifrat absurd bəyanatı nəyi göstərir? Rusiya lideri bununla hansı mesajı vermək istəyirdi?
Cənubi Qafqazda bütün mövqelərini itirən (daha doğrusu, faktiki olaraq regiondan qovulan) Rusiya indi də buraya rus dilinin ekspansiyası, mədəni-linqvistik işğalı vasitəsilə qayıtmaq istəyir. Və bunu da Kremldəki strateqlər məhz Azərbaycan üzərindən, azərbaycanlılar üzərindən həyata keçirməyi planlaşdırırlar.
Nə üçün məhz bizim üzərimizdən?
Çünki biz həm Cənubi Qafqazın açar ölkəsi sayılırıq, həm əhalimizin (potensial dil daşıyıcılarının) sayı kifayət qədər çoxdur, həm də ya zəlzələdən, ya vəlvələdən bir çox insanlarımızda (xüsusən də uşaqlrının gələcək karyerasını düşünən bəzi valideynlərdə) rus dilinə qarşı aşırı maraq və heyranlıq var.
Putinin MDB siyasətini müəyyənləşdirən, “rus dünyası”nın perspektivlərini cızan geosiyasət mütəxəssisləri də bizimlə bağlı məhz yuxarıda qeyd etdiyim həssas məqamları nəzərə alaraq Rusiyanın Cənubi Qafqaza növbəti dönüşünü də 105 il öncə olduğu kimi yenə də məhz Azərbaycandan başlamağı planlaşdırıblar.
Çünki Putin və onun generalları yaxşı başa düşürlər ki, bu gün Azərbaycanı nə hərbi yolla işğal etmək, nədəki iqtisadi rıçaqlarla çökdürmək mümkün deyil. Bununçün yalnız bir yolları qalır – o da ki, məhz rus dili, rus mədəniyyəti, rus ədəbiyyatı və “Rus evi” adlı mərkəzlərin vasitəsilə azərbaycanlıların ruhunu, beyinlərini işğal etmək yoludur.
Əslində, bu planın “əhatə dairəsi”nə, “təsir zonası”na təkcə Azərbaycan deyil, bütün postsovet məkanı daxil edilib. Azərbaycan isə bu planın gerçəkləşdirilməsində həlledici həlqə sayılır. Çünki Kremldəki neoimperiyaçılar hesab edirlər ki, Azərbaycan nəinki Cənubi Qafqazın, həmçinin bütün Türküstanın (Mərkəzi Asiyanın) açar ölkəsidir.
Lakin Azərbaycanla bağlı bu yeni “kəşf”ini açıqlayan Putin əsl həqiqətdə çox ciddi şəkildə yanılır. Çünki bir ölkədə rus dilində danışanların sayının çox olması ilə, həmin ölkənin rusdilli ölkə olması tamamilə fərqli məsələlərdir. Putin isə hətta bu kimi ən elementar məsələləri də bir-birindən ayırd edə bilmir, qarışdırır.
Beləliklə, bu gün ölkəmizdə rus dilində danışanlar çox olsa da, lakin Azərbaycan rusdilli ölkə yox, türkdilli ölkədir və türklük şüurunun bayraqdarı, lokomotividir…
(ardı var)
Bəybala MİRZƏYEV
Siyasi şərhçi