Putin yaxşı oğlan olsaydı…

Ruben Vardanyan ötən gün Bakı Hərbi Məhkəməsində hakimlərə müraciət edərək, “ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin – o cümlədən Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin dindirilməsini” xahiş edib.

Onun vəkili Avraam Berman da bu vəsatəti müdafiə etdiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov isə vəsatətə münasibət bildirərək qeyd ediblər ki, təqsirləndirilən şəxs (yəni Vardanyan) tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur.

Beləliklə, Ruben Vardanyanın bu hiyləsi də baş tutmayıb.

Erməni milyarder bu gedişlə hakimlərdən nəinki Paşinyanın, hətta Putinin də Bakıya gətirilməsini tələb edəcək. Necə deyərlər, bu gün Paşinyanın, sabah isə Putinin növbəsidir ))

Vardanyanın Putinin məhkəməyə gətirilməsini tələb etməsi, əslində, həqiqətən də məntiqli olardı. Çünki Vardanyanın “boss”u Paşinyan yox, bilavasitə Putin idi.

Bəli, məhz Putin onu təxribat məqsədilə Moskvadan Xankəndiyə göndərmişdi.

Lakin sonda Putinin Qarabağla planları iflasa uğradı və Vardanyan da birdəfəlik istifadə edilib atılan şprisə çevrildi.

Maraqlıdır, görəsən, keçmiş ağası Putinin dindirilməsini məhkəmədən xahş etməyə Vardanyanın cəsarəti çatacaqmı?

P.S. “Oğru aləmi”ndə “yaxşı oğlan” anlayışı var. Putin yaxşı oğlan olsaydı, heç olmasa, gəlib bircə dəfə köhnə dostu Vardanyana türmədə baş çəkərdi.

P.P.S. Yeri gəlmişkən, ABŞ-ın keçmiş prezidenti Co Bayden deyirdi ki, Putin yaxşı oğlan deyil. Ancaq indiki prezident Donald Tramp isə rəqibi Baydenin acığına deyir ki, xeyr, Putin yaxşı oğlandır…

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights