ELAZ.İNFO xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda rəsmi səfərdə olan Malayziyanın ali hökmdarı Sultan İbrahim ilə Ermitaj muzeyində görüşüb. Rusiya lideri və muzeyin direktoru Mixail Piotrovski ali qonaq üçün Qış sarayının zallarında geniş ekskursiya təşkil ediblər.
Ekskursiyanın ən maraqlı məqamlarından biri XVIII əsrə aid məşhur “Tovuz quşu” (Pavlin) saatı olub. İngilis ustası Ceyms Koks tərəfindən hazırlanan və rus mexaniki İvan Kulibin tərəfindən quraşdırılan bu saat dünyada XVIII əsrdən günümüzə qədər dəyişilmədən və işlək vəziyyətdə çatan yeganə böyük avtomat mexanizmdir.
Sultan İbrahim həmçinin antik, İntibah və Şərq motivlərinin birləşdiyi Pavilyon zalı ilə tanış olub. Zalın döşəməsindəki qədim Roma mozaikası və Bağçasaray sarayındakı “Göz yaşları fəvvarəsi”nin bənzəri olan mərmər fəvvarələr qonağın xüsusi marağına səbəb olub.
Sultan İbrahimə Ermitajda qorunan və onun vətəni olan Cənub-Şərqi Asiya regionuna aid nadir eksponatlar nümayiş etdirilib:
Kris xəncəri: XVII-XVIII əsrlərə aid, ilan formalı (Naqa) naxışlarla bəzədilmiş müqəddəs kris xəncəri. Bu silah vaxtilə I Pyotr tərəfindən alınıb.
Qızıl qınlı qılınc: XVIII əsrə aid, sapı qızıl vərəqlərlə işlənmiş və mifik “Makara” canavarının başı ilə bəzədilmiş qılınc.
Dövlət başçıları həmçinin II Nikolayın şəxsi kitabxanasını ziyarət ediblər. Bu otaq Qış sarayında ilkin daxili tərtibatını qoruyub saxlayan nadir məkanlardan biridir. Burada qoz ağacından hazırlanmış 32 şkafda imperator ailəsinə məxsus minlərlə nəşr saxlanılır.
Sonda qonaqlar “Portret sənəti. Şəxsiyyət və dövr” adlı genişmiqyaslı sərgi ilə tanış olublar. Sərgidə e.ə. XX əsrdən müasir dövrə qədər olan 750-dən çox əsər, o cümlədən Kleopatra VII və Kraliça II Elizabetin portretləri nümayiş etdirilir.
Ruslan MƏMMƏDOV