Pulun varsa, ən əclaf, ən vicdansız insan olsan belə, ətrafında süni hörmət ordusu yaranacaq. Səni tərifləyəcək, yaltaqlanacaq, dediyin hər sözə “baş üstə” deyəcəklər. Hətta səhvini belə “düz” kimi göstərməyə çalışacaqlar. Çünki bu cəmiyyətdə bəziləri insanın xarakterinə deyil, kreslosuna dəyər verir. Kreslon varsa haqlısan, səsin çıxır, yolun açıqdır. Yoxdursa həqiqətin belə kimsəyə maraqlı deyil.
Pulun və vəzifən yoxdursa, nə qədər şərəfli, nə qədər ləyaqətli, nə qədər alim qədər savadlı olmağın heç kəsin diqqətini çəkmir. Vicdanın təmiz olması ancaq özün üçün təsəllidir. Çünki haqq yolunda dayanan adamın alnının tərini, çəkdiyi əziyyəti görən azdır, qiymət verən isə daha da az. Bu cəmiyyətdə çox vaxt ən düz adamlar ən çox əzab çəkənlər olur. İnsanlar artıq bir-birini sevmir. Qəlblərdə mərhəmət yox, nifrət kök salıb. Hamı bir-birinin yıxılmağını gözləyir, bəhanə axtarır, bir qığılcımı od edib adamın üzünə çırpır. Hər kəs öz qaranlığını işıq kimi göstərmək istəyir. Vicdanlı insan isə bu zülmətin içində nəfəs almaqda çətinlik çəkir. Cəmiyyətin ən acı həqiqəti odur ki, çoxu güclünün yanında dayanır, düzün yanında yox. Pulun sahibinə “ağam”, vicdan sahibinə isə “sən sus” deyilir. Ədalət kənarda qalır, yalan qəhrəman olur. Vəzifə sahibi həqiqəti dəyişməsə də, insanların davranışını dəyişir. Dünən tanımayanlar bu gün qarşısında əyilir, dünən dəyər verənlər isə sənin yerinə kreslonu sevməyə başlayır.
Amma bütün bunlara baxmayaraq, düz adam yenə də düz qalır. Çünki onun var-dövləti vicdanıdır, vəzifəsi isə insanlığıdır. Kreslo gedər, pul tükənər, yalanlar açılar… amma şəxsiyyət yerində qalar. Bu dünyada uduzan pul yox, vicdan sahibləri deyil, uduzan insanlıqdır. İnsanlıq ölməsin deyə susmayanlar, sınmayanlar, əyilməyənlər var. Və bütün çirkabın içində onları yaşadan bircə həqiqət mövcuddur, şərəf satılmır, ləyaqət alınmır.
Əli İbrahimov