Prezident təyyarələri üçün hava məkanını bağlamaq olmaz…

Edvard Snouden (1983, sağdakı şəkildə) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Agentliyinin (MKA) əməkdaşı olub, İT sahəsində mütəxəssisdir, kütləvi izləmə sistemləri haqda məxfi məlumatlara malik idi.

2013-cü ilin iyun ayının əvvəlində o, “The Guardian” və “The Washington Post” qəzetlərinə ABŞ tərəfindən müxtəlif ölkələrdə adi vətəndaşların və yüksək vəzifəli şəxslərin danışıqlarının izlənməsi sistemləri haqda MKA-nın məxfi məlumatlarını ötürür və ABŞ-dan qaçır. Pentaqonun qapalı məruzəsinə əsasən, Snouden Amerika ordusu, donanması, dəniz piyadaları və HHQ-nin həyati vacib əməliyyatları haqda 1,7 milyon məxfi fayl oğurlayıb.

2013-cü ilin 14 iyununda AB Snouden barəsində qiyabi hökm verdi və beynəlxalq axtarış elan etdi. Snouden əvvəl Honq-Konqa gəldi, 23 iyunda oradan Moskvaya uçdu. Vizası olmadığından 1 aydan çox Moskvanın Şeremetyevo hava limanının tranzit zonasında qaldı. 30 iyunda Snouden Rusiyadan siyasi sığınacaq istədi. Moskvadan müsbət cavab almayan Snouden siyasi sığınacaq almaqla bağlı 20 ölkəyə rəsmi müraciət etdi, lakin onlardan yalnız 3-dən müsbət cavab aldı – Boliviya, Venesuela və Nikaraquadan. 1 avqustda Rusiya ona müvəqqəti sığınacaq, daha 1 il sonra – 3 illik yaşayış icazəsi verdi. 2017-ci ildə yaşayış icazəsi 3 il də uzadıldı. 2020-ci ilin oktyabrında ona müddətsiz yaşayış icazəsi verildi. 2022-ci ilin sentyabrında isə ona Rusiya vətəndaşlığı verildi. Hazırda Rusiyada yaşayır, təhlükəsizliyi üçün dəqiq yeri gizli saxlanılır.

Amma mənim mövzum Snouden deyil.

2013-cü ilin 1 iyulunda Boliviya prezidenti Evo Morales (soldakı şəkildə) Rusiyaya gəlir və qaz ixracatçı ölkələrin konfransında iştirak edir. Həmin gün Rusiya televiziyasına müsahibəsində deyir ki, Snoudenə siyasi sığınacaq vermək niyyətindədir. Növbəti gün prezident təyyarəsi ilə Moskvanın Vnukovo hava limanından ölkəsinə uçur. Polşa və Çexiya hava məkanını məneəsiz keçir. Sonra pilotlar məlumat verir ki, yanacaq səviyyəsi indikatorunda problem yarandığı üçün təyyarə qəza enişi etməlidir, çünki çəndə nə qədər yanacaq qaldığını bilmək olmur. MKİ-nin əmri ilə İtaliya, İspaniya, Fransa və Portuqaliya Moralesin təyyarəsi üçün hava məkanını bağlayırlar. Təyyarə Avstriyanın Vyana hava limanına enməyə məcbur olur. Təyyarə dayanan kimi xüsusi xidmət orqanları Moralesi və ekipaj üzvlərini salondan çıxarır, üstlərini yoxlayır, dindirmələrə cəlb edir və təyyarənin hər yerində axtarış aparırlar. 14 saat axtarışdan sonra onlar təyyarənin uçuşuna icazə verirlər.

Beynəlxalq qanunvericiliyə görə prezident təyyarələri immunitetə və toxunulmazlıq hüququna malikdirlər, onlar üçün hava məkanını bağlamaq olmaz, təyyarə heyətini dindirməyə cəlb etmək olmaz, prezidentin icazəsi olmadan nəinki təyyarənin salonunda axtarış aparmaq, hətta ora daxil olmaq olmaz. Amma MKİ-nin əmri olan kimi o boyda ölkələr sorğu-sualsız “baş üstə!” deyib, beynəlxalq qanunlara tüpürdülər.

Bəs MKİ niyə bu qanunsuz əmri vermişdi? Onlar elə bilirdilər ki, Morales öz təyyarəsində Snoudeni aparır. Axı Boliviya onun siyasi sığınacaq xahişinə müsbət cavab vermişdi. Snouden isə Moskvada qalmışdı…Bunu Avropa dövlətlərinin “suverenliyinə”, “qanunu hər şeydən üstün tutmalarına” bir misal kimi yada saldım.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights