Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndinə səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı və ailə üzvləri kənddə aparılan yenidənqurma, bərpa və abadlıq işlərinin gedişatı ilə yaxından tanış olublar.
ELAZ.İNFO xəbər verir ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xanabad kəndi də müasir standartlara uyğun olaraq yenidən qurulur. Prezidentə icra olunan infrastruktur layihələri, yaşayış massivlərinin bərpası və kəndin gələcək inkişaf planı barədə ətraflı məlumat verilib. Bildirilib ki, görülən işlər kəndin tarixi simasının qorunması ilə yanaşı, sakinlərin rahat və müasir həyat şəraitinin təmin edilməsinə yönəlib.
Xocalı soyqırımının ildönümü ərəfəsində baş tutan bu səfər mənəvi baxımdan da böyük əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyeva səfər təəssüratlarını və faciə qurbanlarının xatirəsini öz sosial şəbəkə hesabında paylaşdığı duyğulu müraciətlə ifadə edib:

“Xocalıya ədalət! Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir! Allah şəhidlərimizə rəhmət eləsin!” Bu paylaşım həm xalqımızın birliyinin, həm də tariximizə olan sarsılmaz ehtiramın rəmzi kimi geniş əks-səda doğurub. Xocalının hər bir kəndində, o cümlədən Xanabadda aparılan quruculuq işləri bir tərəfdən böyük qayıdışın təntənəsi, digər tərəfdən isə şəhidlərimizin ruhuna ən yüksək ehtiramın göstəricisidir.
Ruslan MƏMMƏDOV