Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu.
Nəhayət, Bakıda keçirilən tarixi məhkəmə prosesi – insanlıq əleyhinə və müharibə cinayətlərində ittiham olunan erməni seperatçılarının mühakimə olunduğu proses həmin şəxslərin 4-nün azadlıqdan ömürlük, 65 yaşını keçmiş 2-nin isə 20 il müddətinə məhrum edilməsi ilə başa çatdı. Cəza ağırdır, lakin həmin şəxslərin törətdikləri cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olan, ədalətli və layiqlidir.
Ermənistan Respublikasının vətəndaşları olan bu şəxslərin – A.Harutyunyan, A.Qukasyan, B.Saakyan, D.İşxanyan, D.Babayan, L.Mnatsakanyan və başqalarının Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri ağır cinayət əməlləri öz xarakterinə və beynəlxalq hüquqa görə beynəlxalq cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu cinayət əməlləri insanlıq əleyhinə və müharibə cinayətləri kimi qiymətləndirilir.
Cinayət hüququnda cəza təyinini bir sıra prinsiplərə əsaslanır. Həmin prinsiplərindən biri cinayətə görə cəzanın labüdlüyü prinsipidir. Bu prinsipə görə konkret cinayət cəzasız qalmamalıdır. Cinayət əməlini törətməkdə təqsiri məhkəmə tərəfindən sübuta yetirilmiş hər bir şəxs qanunla nəzərdə tutulmuş hüquqi məsuliyyətə cəlb olunmalıdır, Cinayətkarın cəzalandırılması sosial ədalətin bərpasıdır. Cəza təyininin digər prinsipi cəzanın fərdiləşdirilməsidir. Bu prinsipə görə cəza şəxsin törətdiyi konkret əməllərə görə fərdi olaraq təyin olunur.
Yuxarıda adları göstərilən şəxslərə də cəza Azərbaycan ərazilərinin işğal olunmasında, soyqırım və ekosid kimi konkret cinayətlərinin törədilməsində, mülki əhalinin yaşadığı yerlərdən qovulmasında, kütləvi şəkildə öldürülməsində və sair bu kimi əməllərin törədilməsində bilavasitə iştirak etdiklərinə görə təyin olunub. Təxminən bir il davam edən məhkəmə prosesində onların hər birinin əməlləri açıq məhkəmə iclasında araşdırılan konkret hüquqi sübutlarla – şahid və zərərçəkmişlərin ifadələri, foto və video materillarla, digər dəlillərlə sübuta yetirilib. Həmin şəxslər məhkəmə prosesində verdikləri sərbəst ifadələrində də ittiham olunduqları cinayətləri törətdiklərini müxtəlif formalarda etiraf ediblər.
Beynəlxalq cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsi həm beynəlxalq birlik və həm də bu cinayətlərə görə zərər çəkmiş dövlət tərəfindən təmin oluna bilər. Beynəlxalq birlik tərəfindən mühakimə olunmaya ikinci dünya müharibəsindən sonra faşist Almaniyasının və Yaponiyanın bəzi rəhbərlərinin törətdikləri müharibə cinayətlərinin, keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı törədilən soyqırımın, insanlığa qarşı cinayətlərin və müharibə cinayətlərinin, 1994-cü ildə Ruandada münaqişə zamanı törədilən soyqırım cinayətlərinin araşdırılması məqsədilə xüsusi hərbi tribunalların yaradılmasını və təqsirli hesab olunan şəxslərin cəzalandırılmasını örnək kimi göstərmək olar. İsrail təcrübəsində isə beynəlxalq cinayətləri törətmiş şəxslərin mühakiməsi bu cinayətlərə görə zərər çəkmiş dövlət tərəfindən təmin olunub.
Təəssüf ki, bir sıra hallarda olduğu, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş beynəlxalq cinayətlər beynəlxalq birliyin diqqətindən kənarda qaldı, müxtəlif, daha çox siyasi səbəblərdən beynəlxalq mexanizmlər işə düşmədi. Əvəzində 1992-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsini azad etməsi məşhur 907-ci düzəlişlə” mükafatlandırıldı. Təxminən 30 ildən sonra Azərbaycan öz gücünə Türkiyə və Pakistanın siyasi dəstəyi ilə ərazilərini işğaldan azad etdi və suverenliyini bərpa etdi. İşğal dövründə ölkəmizə qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin bir hissəsinin həbs edilməsinə və onların mühakiməsinə nail oldu.
İşğal dövründə Azərbaycan ərazisində insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin bir qrupunun həbsi, məhkəmə qarşısına çıxarıldı və mühakimə olunması ilə əlaqədar bir sıra xarici dairələrdən Azərbaycana qarşı çoxsaylı güclü siyasi təzyiqlər edilməsi də qeyd olunmalıdır. Avropa İttifaqının, Avropa Şurasının, Fransanın, bəzi digər dövlətlərin təzyiqlərini xatırlamaq kifayətdir. Lakin Müzəffər Ali Baş komandanımız, Prezident İlham Əliyevin qəti və birmənalı iradə ortaya qoyması nəticəsində Azərbaycan bu təzyiqlərin qarşısında geri çəkilmədi, qanunun aliliyini üstün tutaraq ədalət mühakiməsini tam başa çatdırdı.
Məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpasına işğal dövründə Azərbaycan xalqına və dövlətinə qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin həbsinə, mühakimə olunması və cəzalandırılmasına nail olmaq öz-özlüyündə ədalətin bərpa olunması kimi dəyərləndirilməlidir.
Bu ədalətli mühakimə prosesi belə bir həqiqəti də bir daha təsdiq etdi ki, Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər təkcə adları çəkilən şəxslər tərəfindən deyil, həm də rus ordusunun yaxından köməkliyi və bilavasitə iştirakı ilə Ermənistan dövləti və onun silahlı qüvvələri tərəfindən törədilib. Seperatçı qondarma rejimin “özünümüdafiə qüvvələri” kimi qələmə verilən hərbi birləşmələr əslində Ermənistan ordusunun hərbi hissələri olub. Bütövlükdə seperatçı qondarma rejim Ermənistan tərəfindən yaradılıb və Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən idarə olunub. Azərbaycan ərazilərinin işğalı məhz Ermənistan tərəfindən planlaşdırılıb. Ermənistan Azərbaycana qarşı işğal siyasətininin Qarabağda əsas icarçıları seperatçı qondarma rejimin rəhbər şəxsləri olublar. Ona görə də Azərbaycan xalqına və dövlətinə qarşı törədilən cinayətlərə görə Ermənistanın o zamankı hərbi siyasi rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır.
Qulamhüseyn ƏLİBƏYLİ
Sabiq millət vəkili,
BDU-nun Konstitusiya hüququ kafedrasının baş muəllimi