Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb. Fərmanda müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak üçün ödənişlərin müəyyən edilməsi və səlahiyyət bölgüsü ilə bağlı mühüm tapşırıqlar yer alıb.
ELAZ.İNFO xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində müəllimlərin işə qəbulu müsabiqəsində iştirak haqqını (ödəniş məbləğini) təsdiqləmək tapşırılıb. Həmçinin, Elm və Təhsil Nazirliyinin bu prosesdəki səlahiyyətləri dəqiqləşdirilib.
Aşağıda fərmanın tam mətnini təqdim edirik:
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki: 1.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 27.4-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin üçüncü cümləsünə uyğun olaraq, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Dəyişikliklər: “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2-ci hissəsində qanunvericilik texnikasına uyğun müvafiq dəyişikliklər edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti