Prezident İlham Əliyev: -“cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq”

ELAZ.İNFO, BAKI, 07.05.2025.

E LAZ.İNFO xəbər verir ki, mayın 7-i və 8-i tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfərinə gəlir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev To Lamın ölkəmizə səfəri ilə bağlı “Vietnam News Agency” agentliyinə müsahibə verib. İ.Əliyev bildirib ki, “cənab Lamın qarşıdakı səfəri onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar”.

Səfərin təfərrüatları ilə bağlı nüanslara toxunan cənab Prezident vurğulayıb ki, “səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək”.

İki dost ölkə arasında siyasi-iqtisadi, mədəni əlaqələrdən bəhs edən Prezident onu da qeyd edib ki, “cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”.

İlahə BAYINDIR

Verified by MonsterInsights