10 sentyabrda Polşa böyük hay-küy qaldırdı ki, Rusiya dronları onun sərhədlərini keçərək, 10 km-dək dərinlikdə ölkə ərazisinə daxil olublar. Bütün Avropa mətbuatı bu hadisəni eninə-uzununa bəzəyib-düzədi, “kazus belli” (müharibəyə səbəb) səviyyəsinə qaldırmağa çalışdı, Avropa liderləri hamısı Rusiyaya qarşı sərt bəyanatlar verdilər və s.
Lakin mən mətbuatda hadisənin soyuq başla və hər tərəfin marağını nəzərə almaqla təhlil edilməsinə rast gəlmədim. Bu hadisədə kimlər maraqlı ola bilərdi? Ən birinci – Ukrayna. 2-ci – Avropa. 3-cü – Rusiya. Tramp ABŞ-ı maraqlı deyildi.
Maraqları izah etməzdən əvvəl əlaqəli hadisələrin xronikasını xatırlayaq.
20 sentyabrda Reuters yazdı: “Avqustun sonunda Pentaqon nümayəndələri bir qrup Avropa diplomatı ilə görüşmüş və onlara belə bir sərt bildiriş vermişdilər: ABŞ Latviya, Litva, Estoniya, Rusiya ilə sərhəd olan bütün NATO ölkələrinə təhlükəsizlik sahəsində yardımın bir hissəsini dayandırmağı planlaşdırır. Pentaqonun nümayəndəsi David Beyker vurğulayıb ki, Avropa ABŞ-dan asılılığını azaltmalıdır. Tramp administrasiyası dövründə ABŞ hərbi qüvvələrini öz sərhədlərinin təhlükəsizliyinin qorunmasına və başqa milli prioritetlərinə yönəldəcək.”
ABŞ-ın bu ölkələrə təhlükəsizlik sahəsində yardımı milyard dollarlarla ölçülür. Amma məsələ təkcə pulda deyil, ABŞ bu ölkələri kritik müdafiə və hücum texnikası ilə təmin edir. Bundan da vacibi həmin ölkələrə ABŞ-ın təhlükəsizlik təminatı özü elə ən güclü müdafiə sayılırdı. İndi isə ABŞ Rusiya sərhədlərindən geri çəkilməyi, Avropanı Rusiya ilə təkbətək qoymağı planlaşdırır.
Aydındır ki, Avropa üçün bu pis yox, şokedici bildiriş idi. Avropa elə etməli idi ki, ABŞ Rusiya sərhədlərindən nəinki geri çəkilsin, əksinə, orada mövcudluğunu daha da gücləndirsin, Ukraynanı da “çətiri” altına alsın. Avropa qərara gəlir ki, ABŞ-ı Avropadan çıxmaq fikrindən daşındıra bilməsə, bu qərarın icrasını azı 3 il ləngitməyə çalışmalıdır. 3 il sonra ABŞ-da başqa prezident olacaq.
10 sentyabrda dünya Rusiyanın Polşaya dron hücumunu “gördü”. Dırnaqda ona görə yazdım ki, bu dronların uçuşunun videosu heç yerdə qeydə alınmayıb. Polşa sərhədini neçə dronun pozduğu da dəqiq məlum deyil, mətbuatda 4, 16, 26, 27 sayları göstərilib. Mən onlardan yalnız 4-nün fotosunu görmüşəm. Dronları vurmaq üçün Polşa səmayə F-16 və F-35 təyyarələrini qaldırıb, guya 4 dron raketlə vurulub. Dronlardan biri guya bir polyakın evini dağıdıb (şəkildə). Dronlar Polşaya başqa heç bir ziyan vurmamışdılar, çünki bütün dronların partladıcısız olub.
Rusiya desə də ki, biz Polşaya dron göndərməmişik və bu dronların uçuş limiti Polşaya qədər uçmalarına imkan vermir, heç kim onları nəzərə almadı. Polşa təcili NATO Nizamnaməsinin 4-cü maddəsi üzrə iclas çağırdı və məsələnin (Rusiya təcavüzünün) BMT TŞ-də təcili müzakirəsini tələb etdi. Əlqərəz, Avropa liderləri məsələni elə düzüb-qoşdular ki, Tramp bu hadisəyə sərt reaksiya göstərsin və səbirsizliklə Trampın reaksiyasını gözləməyə başladılar. Trampın ilkin reaksiyası çox yumşaq oldu – dedi ki, ola bilər, dronlar səhv istiqamət götürüblər, yəni hadisə bilərəkdən olmaya bilər.
12 sentyabrda saat 23:00-da (Bakı vaxtı ilə) BMT TŞ-nin iclası baş tutdu. Avropa liderləri bir-bir Rusiyanı təcavüzkarlıqda günahlandırdılar, Polşa nümayəndəsi dağılmış evin fotosunu iclas iştirakçılarına sübut kimi göstərdi. Rusiya isə məsələnin araşdırılmadan Rusiya təcavüzü kimi qiymətləndirilməsini qərəzlilik adlandırdı.
Trampın fikrini dəyişməsi üçün 11-16 sentyabr aralığında mətbuatın yazdığına görə Rusiya dronlarının pozmadığı sərhəd qalmadı: onlar Rumıniya sərhədlərini də, Litva sərhədlərini də keçdilər. Polşanın yadına düşdü ki, Rusiya dronları NATO-nun Avropadakı əsas hərbi-logistik bazası Jeşuva doğru uçurmuşlar və s. Polşa və Litva Britaniyanın, Rumıniya Fransanın kurasiyasındadır. Dronlar niyə digər sərhəd ölkələrinə – Slovakiya və Macarıstana uçmadılar? – Çünki onlar nə Britaniyanın, nə də Fransanın kurasiyasında deyillər, müstəqil siyasət aparırlar. Onlar Avropa “oyunlarında” “peşka” olmaq istəmirlər.
Davam edir…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi