ElAZ.İNFO xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən Qış Olimpiya Oyunları fonunda baş verən kütləvi etiraz aksiyaları polislə şiddətli toqquşmalara çevrilib. Olimpiadanın Təşkilat Komitəsi hüquq-mühafizə orqanlarının hərəkətlərini yüksək qiymətləndirərək, zorakılığı qəbulolunmaz adlandırıb.
Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiya direktoru Luka Kasasa jurnalistlərə verdiyi açıqlamada polisin peşəkarlığını xüsusi qeyd edib: Biz hesab edirik ki, idman dialoqa əsaslanmalıdır. Zorakılıqla müşayiət olunan nümayişlər qəbulolunmazdır. Hüquq-mühafizə orqanları mitinqlər zamanı vəzifələrinin öhdəsindən mükəmməl gəliblər, buna görə onlara təşəkkür edirəm.
Şənbə günü Milanda baş verən toqquşmalarda onlarla etirazçı iştirak edib. Aksiyalar əsasən ABŞ, İsrail və İtaliya hökumətinin siyasətinə qarşı yönəlib. Gərginliyin artmasına səbəb həm də İtaliya hökumətinin cümə axşamı qəbul etdiyi yeni dekret olub. Bu fərman aksiyalarda iştirak edənlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.
Xatırladaq ki, bu hadisələrdən bir neçə gün əvvəl Turində keçirilən aksiya daha qanlı toqquşmalarla nəticələnmişdi. Həmin vaxt 100-dən çox polis əməkdaşı xəsarət almışdı. Hazırda İtaliya müstəntiqləri iğtişaşların təşkilatçıları ilə bağlı araşdırma aparır.
Ruslan MƏMMƏDOV