Dünya mətbuatı ABŞ, Britaniya təyyarələrinin, aviatankerlərinin və hərbi gəmilərinin yenidən Yaxın Şərqə toplanması barədə məlumatlar yayır. “Pizza indeksi” də Pentaqonda fasiləsiz təcili iş getdiyindən xəbər verir. Axırıncı dəfə belə hal İsralinin İrana hücumu ərəfəsində baş vermişdi. Bəs indi bu nəyin simptomu ola bilər?
Məncə, bu dəfə 3 hücum hədəfindən biri ola bilər:
İran. Hazırda İran HHM sistemlərini və hücum raketlərini sürətlə təkmilləşdirir. Bəzi məlumatlara görə, HHM sisteminin etibarlılığı 70% səviyyəsindədir, ilin sonunadək 95-100% səviyyəsinə qaldırıla bilər. Yəni İrana hücumu gecikdirmək İsrailin xeyrinə deyil, indi HHM sistemindəki müəyyən boşluqlardan istifadə edə bilməsə, sonra bu heç mümkün olmayacaq. Lakin İrana hücum İsrail üçün ötən dəfəkindən də ağır başa gələ bilər. İran bəyan edib ki, İsrail növbəti dəfə hücum edərsə, İran bunu İsrail-ABŞ hücumu kimi qiymətləndirəcək və ABŞ-ın regiondakı bütün obyektləri onun üçün qanuni hədəf olacaq. Məlumatlara görə ABŞ artıq Yaxın Şərqdəki hərbi bazalarının çoxundan zəruri olmayan kontingentini və texnikasını çıxarıb.
Livan. ABŞ Livan hökumətindən Hizbullahın tərksilah edilməsini tələb edir. Hökumət buna razılaşsa da, Hizbullah tərksilah edildikdən sonra ölkəsinin İsrail tərəfindən ilhaq edilməyəcəyinə, İsrail işğalı altında olan torpaqlarının azad ediləcəyinə ABŞ heç bir təminat vermir. Üstəlik ABŞ-ın və ya İsrailin təminatına inanmaq üçün nə qədər axmaq olmalısan?! Hizbullah silahı təhvil verməyəcəyini bəyan edib. ABŞ-ın Türkiyədəki səfiri, Suriya və Livanda nizamlanma üzrə nümayəndəsi Tom Barrakın Livan hökumətinə verdiyi plana görə bu ayın sonunadək Hizbullah tərksilah edilməli, Hizbullah hökumətin tələbini yerinə yetirməzsə, ona qarşı antiterror əməliyyatına başlanmalı idi. Lakin Livan parlamenti həmin planı indiyədək təsdiq etməyib. Ola bilər ki, yeni hücum Livana qarşı olsun – adını Hizbullahla antiterror müharibəsi qoya bilərlər. Bundan sonra Livanda yenidən 70-ci illərin anarxiyası, millətlərarası, konfessiyalararası müharibələr, terrorlar başlaya bilər. Fürsətdən istifadə edən İsrail də Livanın azı yarısını işğal edə, sionizmə qarşı olan bütün qüvvələri məhv edə bilər.
Qəzza. Tramp 8 müsəlman dövlətinə Qəzzada yeni nizamlama planını təqdim edib. Lakin hələlik HƏMAS bu planla razı deyil. Əslində plan qəsdən elə hazırlanıb ki, HƏMAS onu qəbul edə bilməsin. Tramp isə deyib ki, bu plan qəbul edilməzsə, İsrail Qəzzada istədiyini edə bilər (guya etmirdi?!). Hazırda İsrail Qəzzanı mühasirədə saxlasa da tam işğal edə bilmir, çoxsaylı itkilər verir, həmçinin bu soyqırımına qarşı dünyada etirazlar güclənir. Məsələni birdəfəlik və qısa zamanda bitirmək üçün ona ABŞ-ın hərbi qüvvələrinin dəstəyi lazımdır. ABŞ isə bunun üçün siyasi zəmin hazırlayır.
Məncə, İrana hücum olmayacaq. Çünki bu həm İsrail, həm də ABŞ üçün çox böyük risk yaradır. Hər ikisi ağır və kritik itkilərlə üzləşə bilərlər. Qəzzaya görə də belə böyük kontingentə ehtiyac yoxdur. Fikrimcə, əsas hədəf 2-cidir – Livan.
Sual oluna bilər ki, Livana (bir hissəsinə) hücuma görə bu qədər hərbi qüvvəni Yaxın Şərqə toplamağa nə ehtiyac var? Axı Livana hücum üçün belə böyük və strateji əhəmiyyətli hərbi texnikaya ehtiyac yoxdur. Fikrimcə, bu kontingent sığortalamaq məqsədilə toplanır. Hizbullaha qarşı müharibə başlanarsa, İran bu və ya digər yolla müharibəyə qarışa bilər. ABŞ qüvvələri də Yaxın Şərqə toplanır ki, İranı müharibəyə qoşulmaqdan çəkindirsin.
Məhz bu ssenariyə görə ABŞ-ın gəmiləri Karib dənizinə göndərilib. Livana hücum başlandıqda İran Hörmüz boğazını bağlayarsa, dünyada neft qıtlığı yarana bilər. Qərb üçün belə arzuolunmaz ssenari baş verməsin deyə bu halda ABŞ Venesuela neftinə sahib olmağa çalışacaq. Venesuela neft ehtiyatlarına görə dünya birincisidir. Əlbəttə, Venesuela nefti qısa zamanda körfəz neftini əvəz edə bilməz, lakin qiymətlərin kəskin qalxmasının qarşısını ala bilər. Həm də eyni zamanda İrana hücum etmək üçün Qərbə görə “legitim” əsas yarana bilər. Belə vəziyyətdə bütün Qərb İrana hücumu dəstəkləyəcək.
Misirin də müharibəyə qoşulma ehtimalı var. Qəzza əhalisi kütləvi bombardman altında Misir sərhədlərinə doğru qovula bilər. Bu halda xilas olmaq üçün onlar sərhədi keçməyə çalışacaqlar. Bu ssenari ABŞ-İsrail planına uyğundur, lakin onun baş verməməsi üçün Misir Qəzza ilə sərhədə böyük hərbi kontingent toplayıb. ABŞ-ın hərbi qüvvələri Misiri də İsrailə qarşı hərbi hərəkətlərdən çəkindirə bilər.
ABŞ noyabrdan qoşunlarının böyük hissəsini Avropadan, Asiyadan və Afrikadan çıxarmağa başlayacaq, hərbi bazalarının çoxunu ləğv edəcək. O vaxta qədər isə İsrail öz problemlərini ABŞ-ın vasitəsilə həll etmək istəyir. Netanyahu tələsir…
Tələsdiklərinə görə də, məncə, planları baş tutmayacaq. Düzdür, Yaxın Şərqdə çox faciələr törədəcəklər, amma istədiklərinə nail ola bilməyəcəklər. İsrail isə özü üçün qəbir qazmaqda davam edir.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi