Planetimizin davamlılığı birbaşa torpaqla olan bağımızdan asılıdır

ELAZ.İNFO xəbər verir ki, 5 dekabr – Dünya Torpaq Günüdür.

Hər il 5 dekabr tarixində qeyd olunan Dünya Torpaq Günü sağlam torpaqların həyatımızdakı əvəzolunmaz roluna diqqət çəkməyi və bu resursların davamlı idarə edilməsini təşviq etməyi hədəfləyir. Beynəlxalq Torpaq Elmləri İttifaqının (IUSS) təşəbbüsü ilə qeyd olunan bu gün 2013-cü ildə BMT tərəfindən rəsmi olaraq təsdiqlənib və 2014-cü ildən etibarən dünyada geniş şəkildə qeyd olunur.

Planetimizin davamlılığı birbaşa torpaqla olan bağımızdan asılıdır. Dünyada qidanın 95 faizindən çoxu torpaqlardan əldə olunur. Sadəcə qida yox, ekosistemlərin sabitliyi, su dövranı, karbon balansı və biomüxtəliflik də torpağın sağlamlığına bağlıdır.

Antropogen fəaliyyət və iqlim dəyişikliyi torpaqları sürətlə deqradasiyaya uğradır. Eroziya torpağın təbii strukturunu pozur, su saxlanması və infiltrasiya qabiliyyətini azaldır, bitkilərin qida elementlərini mənimsəməsini zəiflədir. Bu, həm ekosistemlər, həm kənd təsərrüfatı, həm də insanların qida təhlükəsizliyi üçün ciddi çağırışdır.

Səmərəli torpaq idarəetməsi eroziyaya və çirklənməyə qarşı mübarizə aparır, torpağın bioloji müxtəlifliyini qoruyur, münbitliyi artırır, iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Yaşıllaşdırılmış, torpağa nəfəs verən şəhərlər həm insanların rifahını artırır, həm də gələcək nəsillər üçün daha təhlükəsiz yaşayış mühiti yaradır.

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights