ELAZ.İNFO xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Paşinyanı Zəngəzur dəhlizi məsələsindən daşındırmaq üçün Ermənistana- İrəvana gedib.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin ayın əvvəlində Vaşinqtonda “Trampın Sülh və Rifah üçün Beynəlxalq Yolu” (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə etdiyi prinsipial razılaşma Tehranı narahat edib. İran iddia edir ki, onun sərhədinə paralel uzanacaq TRIPP tranzit dəhlizi onun Ermənistan və Qafqaz regionu ilə əlaqəsini kəsəcək və düşmən qüvvələrin bölgədə möhkəmlənməsinə yol açacaq. Dəhlizin ABŞ tərəfindən 99 il müddətinə icarəyə verilməsi və inkişafı, istismarının beynəlxalq konsorsiuma verilməsi planlaşdırılır.
Pezeşkian səfərdən əvvəl verdiyi açıqlamada, “Amerika şirkətlərinin bölgədəki potensial varlığı bizi narahat edir. Biz bunu müzakirə edib narahatlığımızı çatdıracağıq” deyib.
İranın xarici işlər naziri Abbas Arakçi bir gün əvvəl verdiyi açıqlamada məsələnin “həssas” olduğunu və Tehranın narahatlığının dəhlizin regionda “geosiyasi dəyişikliklərə səbəb ola biləcəyi”ni bildirib.
İlahə BAYINDIR