Qripə qarşı vaksinlər gətirildi, peyvənd kampaniyası başlayır – infeksionistdən xəbərdarlıq
ELAZ.İNFO xəbər verir ki, son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda cəmiyyətdə COVİD-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda ölkədə epidemioloji durum sabitdir: “Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik”. Bəs əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?
Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.