ELAZ.İNFO xəbər verir ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin möhkəm təməl üzərində qurulmasından danışan, iki ölkənin maraqlarının üst-üstə düşdüyünü deyən və qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı fayda verən əməkdaşlığın mövcudluğunu iddia edən Kremlin sözçüsü Dmitri Peskovun jurnalistlərə açıqlamasında maraqlı bir etirafı da diqqət çəkdi.
Belə ki, Peskov bildirdi ki, iki ölkənin maraqları üst-üstə düşsə də, “lakin bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə mürəkkəb dövrlər baş verir. Hazırda belə bir dövr yaşanır”.
Ancaq bununla belə, Peskov qeyd edib ki, Rusiya tərəfi bu çətin mərhələnin tezliklə aradan qalxacağına ümid edir:
“Əməkdaşlığımız hər iki ölkəyə fayda verir və biz münasibətlərin əvvəlki səviyyəyə qayıtmasını arzulayırıq”.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin ötən ilin dekabrında sərnişin təyyarəmizin Qroznı səmasında vurulması ilə əlaqədar Azərbaycanın Rusiyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşmasına da münasibət bildirib və deyib ki, Azərbaycan Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək.
“İstintaq hərəkətləri davam edir, istintaq gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmləri gözləyəcəyik”-deyə Peskov bildirib.
Prezident İlham Əliyevin Xankəndidə keçirilən mediaforumda təyyarə faciəsi ilə bağlı Rusiya tərəfinin ünvanına sərt fikirlər səsləndirməsinə Putinin özünün səssiz qalması, onun mətbuat katibinin isə bu qədər yumşaq tərzdə “bu, Azərbaycanın haqqıdır” deyərək Rusiyanı məhkəməyə vermək planlarımıza isterik yox, kifayət qədər soyuqqanlı münasibət sərgiləməsi, əslində, aldadıcıdır.
Çünki elə həmin Kremlin göstərişi ilə Teleqram-kanaldakı və digər platformalardakı Z-blogerlər (Rusiyanın hərbi təbliğatçıları), siyasi şərhçilər, propaqandist tv-aparıcıları ölkəmizə qarşı qaralama kampaniyasına, informasiya hücumlarına başlayıblar. Daha doğrusu, rusiyalı hərbi blogerlər artıq Azərbaycana qarşı açıq müharibəyə keçiblər. Bu isə, Kremlin real müharibəyə başlamazdan öncə tətbiq etdiyi ənənəvi əks təbliğat taktikasıdır.
Əgər rəsmi Moskva, Peskovun iddia etdiyi kimi Azərbaycanla münasibətlərin gerçəkdən də əvvəlki səviyyəyə qayıtmasını arzulasaydı, öz hərbi blogerlərini, propaqandistlərini ölkəmizin üzərinə qısqırtmazdı. Moskva həmişə olduğu kimi ikibaşlı oyun oynayır. Ona görə də Peskovun aldadıcı açıqlamalarına, qeyri-səmimi arzularına əsla inanmamalıyıq.
Azərbaycan öz işini ehtiyatlı tutmalı və Rusiyanın real hücum planlarına qarşı önləyici tədbirlər görməlidir. Putin kimi azğınlaşmış müharibə “allah”larından hər cürə ağlasığmaz qərarlar, addımlar gözləmək mümkündür (istər hibrid müharibə, istərsə də real müharibə müstəvisində).
Bəybala MİRZƏYEV