Pekindən yeni xarici siyasət kursu: “Qonşuları xoşbəxt etmək” prinsipi əsas götürülür

Çin rəhbərliyi qonşu dövlətlərlə münasibətlərin inkişafını öz diplomatiyasının prioritet istiqaməti kimi nəzərdən keçirir. Rəsmi Pekin Asiyanı sadəcə bir coğrafi məkan deyil, ortaq tale birliyi və “ümumi ev” kimi dəyərləndirir.

ELAZ.İNFO xəbər verir ki, Çinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Can Hanhuey ölkəsinin yeni xarici siyasət doktrinası barədə mühüm açıqlamalar verib. Diplomat qeyd edib ki, Çin qonşu ölkələrlə birlikdə “vahid tale birliyi” formalaşdırmaq əzmindədir və “yaxındakıları xoşbəxt et ki, uzaqdakılar yanına gəlsin” qədim Şərq hikmətinə əsaslanaraq fəaliyyət göstərir.

Səfirin sözlərinə görə, səmimiyyət, qarşılıqlı fayda və inklüzivlik prinsipləri əsasında qurulan bu siyasət artıq öz real bəhrələrini verir. Xüsusilə ötən il ərzində Rusiya, Hindistan və Şimali Koreya liderlərinin Çinə səfərləri, həmçinin Tyançində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti bu strateji kursun uğurlu göstəriciləridir. Hazırda Pekin qonşuları ilə birlikdə beş əsas hədəf — dinc, sakit, firavan, gözəl və dostluq mühitində “ümumi ev” quruculuğunu davam etdirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights